Uşağınızın həqiqəti deməkdən qorxmadığını  necə bilmək olar?
19 may 2026 10:57 (UTC +04:00)

Uşağınızın həqiqəti deməkdən qorxmadığını necə bilmək olar?

0

Mütəxəssislərin fikrincə, uşağın səhvini etiraf etməsi valideynin reaksiyasından birbaşa asılıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, pedaqoq-psixoloqların sözlərinə görə, valideyn uşağın etirafına qışqırıq, ittiham və ya sərt cəza ilə reaksiya verərsə, uşaq gələcəkdə həqiqəti gizlətməyə başlayır.

Onların sözlərinə görə, “Ana, sənin sevdiyin güldanı sındırdım” kimi etirafı uşaq yalnız bir dəfə rahatlıqla deyə bilər. Əgər həmin anda mənfi reaksiya ilə qarşılaşarsa, sonradan susmağı seçəcək.

Psixoloqlar vurğulayıb ki, valideyn ilk növbədə uşağın dürüstlüyünü qiymətləndirməlidir. “Həqiqəti söylədiyin üçün təşəkkür edirəm, bunu demək sənin üçün çətin idi” kimi ifadələrin uşağın özünü təhlükəsiz hiss etməsinə kömək etdiyi bildirilib.

Mütəxəssislərin sözlərinə görə, valideynlərin şəxsi davranışı da uşaqların dürüstlüyünə təsir göstərir. Əgər valideyn özü tez-tez yalan danışırsa və ya uşağın yanında buna yol verirsə, uşaq bunu normal davranış kimi qəbul edir.

Psixoloqlar ailədə qaydaların aydın və sabit olmasının vacibliyini də qeyd edib. Onların fikrincə, eyni hərəkətə bir gün sərt, başqa gün isə laqeyd münasibət göstərilməsi uşağın özünü qeyri-sabit mühitdə hiss etməsinə səbəb olur. Bu isə qorxu və həqiqəti gizlətmək meylini artırır.

Valideynlərə uşağın hisslərini dinləmək və onu mühakimə etməmək tövsiyə edilib. Xüsusilə yeniyetmələrlə münasibətdə “aktiv dinləmə” metodunun effektiv olduğu bildirilib. Psixoloqların sözlərinə görə, uşağın yaşadığı hissləri anlamaq və ona öz emosiyalarını ifadə etməyə kömək etmək etibarı gücləndirir.

Ekspertlər həmçinin yumor hissinin ailədaxili münasibətlərdə mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, valideyn öz uşaqlıq xatirələrini paylaşdıqda və vəziyyətə daha sakit yanaşdıqda, uşaq özünü daha rahat hiss edir və problemlərini gizlətməyə ehtiyac duymur.

Psixoloqlar bildirirlər ki, etibar illərlə qurulur, lakin bir anlıq qəzəb onu məhv edə bilər: "Uşağın səhv etdikdən sonra valideyninə müraciət etməsi artıq ailədə düzgün münasibətin formalaşdığını göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar