Banqladeşdə son illərin ən genişmiqyaslı qızılca epidemiyalarından biri müşahidə olunur.
Lent.az xarici mediaya istinadla bildirir ki, xəstəliyin yayılması nəticəsində mart ayının ortalarından bəri 459 uşaq həyatını itirib. Mayın 18-də 6 yeni ölüm halı qeydə alınıb. Onlardan biri rəsmi olaraq qızılca ilə əlaqələndirilib, digər beşinin isə xəstəliyin yayılması ilə bağlı ehtimal olunan hallar olduğu bildirilir.
Ölkənin Baş Səhiyyə İdarəsinin məlumatına görə, Banqladeşdə qızılcadan 75 laborator təsdiqli ölüm və 384 ehtimal olunan ölüm halı qeydə alınıb. Son sutkada təsdiqlənmiş yoluxma sayı 240 nəfər artaraq 7,7 minə çatıb. Ehtimal olunan yeni yoluxma halları isə 1274 nəfər artaraq təxminən 58 min olub.
Ölkə üzrə xəstəxanalar ciddi yüklənmə ilə üzləşib. Mart ayından bəri 42 mindən çox pasiyent qızılcaya yoluxma şübhəsi ilə tibb müəssisələrinə yerləşdirilib. Rəsmilərin məlumatına görə, hospitalizasiya olunanların əksəriyyəti artıq evə buraxılıb.
Dhaka şəhərində epidemioloji vəziyyət vaksinlərin alınmasında yaranmış problemlərə görə məsul şəxslərin cəzalandırılmasını tələb edən etiraz aksiyaları fonunda daha da gərginləşir.