Sadə test neçə saata öləcəyinizi  deyir
16 may 2026 19:07 (UTC +04:00)

Sadə test neçə saata öləcəyinizi deyir

0

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, sadə bir göz reaksiyası testi həkimlərə xəstənin həyatının son saatlarında olub-olmadığını daha dəqiq müəyyən etməyə kömək edə bilər. Söhbət buynuz qişa refleksinin, yəni gözə toxunduqda yaranan avtomatik qırpma reaksiyasının yoxlanılmasından gedir.

Lent.az xəbər verir ki, tədqiqat Cənubi Koreyada Kyonqsan Milli Universitet Xəstəxanasında, həkim Çon Hun Kanqın rəhbərliyi ilə aparılıb.

Tədqiqat çərçivəsində xərçəngin son mərhələsində olan 112 hospis xəstəsi müşahidə edilib. Tibb işçiləri gün ərzində bir neçə dəfə steril tampon vasitəsilə xəstələrin gözünə yüngül toxunaraq bu refleksi yoxlayıblar. Nəticələr göstərib ki, buynuz qişa refleksini itirən xəstələrdə növbəti 24 saat ərzində ölüm ehtimalı 70 faizdən çox olur və bu risk refleksi qorunan xəstələrlə müqayisədə beş dəfədən artıq yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, bu refleks beyin kötüyünün fəaliyyəti ilə bağlıdır. Məhz bu beyin hissəsi nəfəsalma və şüur kimi həyati funksiyaları idarə etdiyindən, refleksin itməsi xəstənin vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərə bilər. Bununla belə, həkimlər qeyd edirlər ki, bu test təkbaşına tam dəqiq nəticə vermir və digər klinik əlamətlərlə birlikdə qiymətləndirilməlidir.

Araşdırma ilə bağlı fikirlərini bölüşən Devid Huey nəticələri ümidverici adlandırsa da, onların yalnız son mərhələdə olan xərçəng xəstələrinə aid olduğunu və daha geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıb. Alimlər yaxın gələcəkdə bu metodun müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində də sınaqdan keçirilməsini planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar