Məşhur amerikalı müğənni Debbi Bunun ifa etdiyi "You Light Up My Life" ("Sən mənim həyatımı işıqlandırırsan") rok-balladası 1970-ci illərdə ən uzun müddət birinci yerdə qalan mahnı olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bəlkə də bir çoxlarının heç vaxt eşitmədiyi bu mahnı, əslində ABŞ-da əsl rekordçuya çevrilib. 1977-ci ilin avqustunda işıq üzü görən kompozisiya Billboard Hot 100 çartında ardıcıl on həftə zirvədə qərarlaşıb. Yalnız 1982-ci ildə Oliviya Nyuton-Conun "Physical" mahnısı bu rekordu təkrarlaya bilib, tam olaraq yenilənməsi isə yalnız 1992-ci ildə Boyz II Men qrupunun "End of the Road" mahnısı ilə mümkün olub.
Bu kompozisiya Cozef Bruks tərəfindən müğənni Keysi Sısık üçün eyniadlı romantik dramın mövzusu olaraq yazılıb. Lakin məhz Bunun versiyası mahnını super-populyar edib və ona 1978-ci ildə "İlin mahnısı" kateqoriyasında "Qremmi" mükafatını qazandırıb. Dindar kantry müğənnisi Pet Bunun qızı olan Debbi, öz ifasına mənəvi altmənalar əlavə ebib ki, bu da mahnının auditoriyasını daha da genişləndirib.
"You Light Up My Life" hələ də sevilir və 2010-cu illərin sonunda belə Billboard-un bütün zamanların ən yaxşı mahnıları reytinqində yüksək yerlər tuturdu. Debbi Bun 2017-ci ildə verdiyi müsahibədə bu uğuru təsadüflərin və səmimiyyətin vəhdəti kimi qiymətləndirib:
"Zamanla nə qədər istedadlı insanın diqqətdən kənarda qaldığını və mənim başıma gələnlərin nə qədər inanılmaz olduğunu anladım. Niyyətim səmimi idi və bu mahnının belə bir təsir bağışlayacağını gözləmirdim. Buna görə sonsuz dərəcədə minnətdaram".