İranda ABŞ və İsrail ilə davam edən müharibədən sonra ölkənin rəhbərlik strukturunda ciddi qeyri-müəyyənlik yaranıb. Rəsmi olaraq Müctəba Xamenei ölkənin rəhbərliyinə keçmiş hesab edilsə də, onun ictimaiyyət qarşısında görünməməsi və yaralanması ilə bağlı iddialar qərarvermə proseslərinin zəiflədiyi barədə fikirlərə səbəb olur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, buna baxmayaraq, sahədəki əsas strateji addımların böyük ölçüdə İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən yönləndirildiyi bildirilir.
BBC-nin məlumatına görə, İranın ABŞ və İsrail ilə davam etdirdiyi müharibənin ilk günlərindən bəri Tehran üzərində “ölkəni əslində kim idarə edir?” sualı hələ də aktuallığını qoruyur.
Rəsmi açıqlamalara görə, Müctəba Xamenei atası Əli Xameneinin 28 fevralda müharibənin ilk günündə həyatını itirməsindən sonra ölkənin ən yüksək rəhbər vəzifəsini öz üzərinə götürüb.

İranda mövcud siyasi sistemə əsasən, bu vəzifə müharibə və sülh də daxil olmaqla bütün strateji qərarların qəbulunda həlledici rol oynayır.
BBC-nin məlumatına görə, Müctəba Xameneinin vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmaması və yalnız məhdud sayda yazılı açıqlamalarla kifayətlənməsi diqqət çəkir. İran rəsmiləri ilk hücumlar zamanı onun yaralandığını təsdiqləsələr də, təfərrüat verməkdən yayınırlar.
ABŞ mətbuatına istinadən yayılan xəbərlərdə Müctəba Xameneinin üz nahiyəsindən də yaralandığı və danışmaqda çətinlik çəkdiyi iddia olunur. Bu vəziyyət İran siyasətində mühüm sayılan “görünən liderlik” amilinin zəifləməsinə səbəb olur.
İranda hakimiyyətin yalnız institusional deyil, eyni zamanda simvolik və performativ xarakter daşıdığına diqqət çəkilir. Xatırladılır ki, əvvəlki liderin çıxışları və ictimaiyyətə açıq mesajları sistem üçün istiqamətverici rol oynayırdı. Bu siqnal mexanizminin zəifləməsi ilə isə şərh boşluğunun yarandığı qeyd olunur.

Müharibədən əvvəlki dövrlə müqayisədə İranda qərarvermə prosesi daha az mərkəzləşdirilmiş xarakter alıb. Diplomatiya formal olaraq hökumətin səlahiyyətində olsa da, sahədə baş verən hadisələr bunu tam təsdiqləmir.
Xarici işlər naziri Abbas Əraqçi Məsud Pezeşkian dövründə ABŞ ilə aparılan danışıqlarda fəal rol oynasa da, strateji istiqamətin müəyyənləşdirilməsi baxımından təsir imkanlarının məhdud olduğu bildirilir.

Xəbərə görə, İranın ən mühüm strateji rıçaqlarından biri olan Hörmüz boğazı üzərində nəzarət diplomatik komandadan daha çox hərbi qanadın əlindədir. Bu çərçivədə qərarların Əhməd Vahidinin rəhbərlik etdiyi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən verildiyi vurğulanır.
BBC-nin məlumatına görə, mövcud vəziyyətdə böhranın gedişatını müəyyən edən əsas aktor kimi İslam İnqilabı Keşikçiləri Korpusu ön plana çıxır. Körfəzdəki hücumların və Hörmüz boğazına yönəlik addımların məhz bu struktur tərəfindən idarə olunduğu bildirilir.
Qeyd olunur ki, siyasi və diplomatik açıqlamalar isə əksər hallarda bu hərbi addımlardan sonra verilir və istiqamətverici olmaqdan daha çox, onları izləyən xarakter daşıyır.
Bu qeyri-müəyyənlik şəraitində parlamentin spikeri Məhəmməd Baqir Qalibaf önə çıxan fiqurlardan birinə çevrilib. Keçmiş İslam İnqilabı Keşikçiləri Korpusu komandiri olan Qalibafın danışıqlarda iştirakı, ictimaiyyət qarşısında çıxışlar etdiyi və müharibəni daha praqmatik çərçivədə qiymətləndirdiyi bildirilir.

BBC-nin məlumatına görə, Məhəmməd Baqir Qalibafın mövqeyi kifayət qədər həssas və qeyri-sabitdir. Parlamentdə və mühafizəkar dairələrdə səslənən sərt bəyanatlar danışıqlara qarşı güclü müqavimət yaradır, eyni zamanda Qalibafın səlahiyyətlərinin dəqiq müəyyən olunmadığı vurğulanır.
Xəbərə görə, İranda mövcud vəziyyət tam çöküş kimi qiymətləndirilmir, lakin sistemin istiqamət müəyyənləşdirmə qabiliyyətində ciddi zəifləmə müşahidə olunur. Ali liderin səlahiyyətləri nəzəri olaraq qüvvədə qalsa da, praktikada bu gücün açıq və görünən şəkildə istifadə olunmadığı bildirilir.
Prezidentlik institutu uyğun və koordinasiyalı şəkildə fəaliyyət göstərsə də, liderlik rolunu üzərinə götürmür. Diplomatiya aktiv olsa da, həlledici təsirə malik deyil, ordu isə sahədə təsirli fəaliyyət göstərməsinə baxmayaraq, ictimaiyyətə açıq aydın bir strategiya ortaya qoymur.
BBC-nin məlumatına görə, İran sistemi hələ də nəzarəti itirməyib və eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərə bilir. Lakin malik olduğu gücü aydın və ardıcıl bir strategiyaya çevirməkdə çətinlik çəkdiyi bildirilir