Aktyor Elnur Hüseynov
16 aprel 2026 15:30 (UTC +04:00)

Aktyor Elnur Hüseynov

Anar Məmmədxanov mənə “Moruq” deyirdi - “Bacanaqlar”ın “Qismət”i ilə MÜSAHİBƏ

0

Lent.az-ın müsahibi aktyor Elnur Hüseynovdur. O, tamaşaçıların yaddaşında daha çox “Bacanaqlar” serialından “Qismət” obrazı ilə qalıb.

- Gəncə Texnologiya Universitetini bitirmisiz. Necə oldu aktyorluğa gəldiniz?

- Aktyorluğa "KVN" ilə gəlmişəm. Gəncədə "KVN" komandası yaratdıq. Sonra Bakıya gəldik. Aktyorluq fəaliyyətim ondan sonra başladı. "KVN"dən sonra 3 il Sankt-Peterburqda yaşadım, ardınca yenidən Bakıya gəlib fəaliyyətimi bərpa etdim. Ssenari yazmağa da "KVN"-də başladım. 

- "Bacanaqlar" serialında da ssenaristlərdən biri siz idiniz. 

- “Ailəm" serialının da ssenari müəlliflərindən biri idim. Bundan başqa "Bacanaqlar", "Qız atası" və sair seriallarda da ssenari müəlliflərindən olmuşam.

- Amma sizi ən çox tanıdan "Bacanaqlar" serialı oldu. Qismət obrazı ilə daha çox yadda qalırsınız. Tamaşaçılar sizi "Qismət" kimi tanıyır.

- Bəzən yolda görəndə "Qismət" deyə müraciət edirlər. "Ələmşah", "İnqilab" da deyirlər. Soruşurlar ki, xətrinizə dəymir? Deyirəm, yox, niyə xətrimə dəysin ki? O obrazı oynayıb, onlarla tanınmışam.

- "Qismət" çox sakit və fağır obraz idi. Həyatda necəsiz? 

- Hə, "Qismət" çox fağır idi, "Taleh" isə çoxbilmiş. Əslində, həyatda da elə dağıdan-tökən adam deyiləm. Aktyorlar bəzən özlərini oynayırlar. "Qismət" mənim içimdə var. Elə cüvəllağı insan deyiləm.

- "Bacanaqlar"da həm də Yaşar Nuri, Firəngiz Mütəllimova, Fatma Mahmudova kimi sənətkarlarla rol oynamısız. Necə idi onlarla işləmək?

- Onlarla işləmək çox rahat idi. Bizə yön göstərirdilər. Bizim peşədə sözün yaxşı mənasında oğurlamaq var. Amma oğurlayıb özününküləşdirmək lazımdır. Ümumiyyətlə, hansısa bir obrazı oynayanda qohum, qonşudan, tanışdan bir prototip olur, onu oynayırsan. Yaşar Nuri çox məsuliyyətli insan idi. Saat 2-də çəkiliş olacaqdısa, 10 dəqiqə qalmış gəlib maşında gözləyirdi, saat 2 tamamda qapı zəngi çalınırdı. 

- Yaşar Nuri ilə bağlı hansı maraqlı xatirələriniz var?

- Elə gecikməklə bağlı bir əhvalat danışacam. Yaşar Nuri danışırdı ki, bir dəfə ona deyiblər, saat 3-də çəkiliş olacaq, həmin vaxtda orada olsun. Yaşar müəllim danışdıqları vaxtda çatıb, gözləyib. Bunlar saat 4-də gəliblər. Üzrxahlıq ediblər ki, bəs başqa yerdən çəkilişdən gəlirik, üzrlü sayın. Yaşar müəllim deyib, eybi yox. Səhəri gün eyni şey olub. Saat 4 deyiblər, amma 5-də gəlib çıxıblar. Yenə üzrxahlıq ediblər. Yaşar müəllim deyib, əşi, nə olacaq? İnsan insanı gözlədəndə nə deyir? Deyir, bu "filan-filan" olmuş harada qaldı? Mən də sizi belə gözləyirdim də, burada nə var ki?

O sənətkarlar səhnəyə girəndə nə edirdilər, bilmirəm, amma səhnəni doldururdular.

- Siz ən çox yumorla tanınmısız, "Bölmə" serialında isə ciddi bir rolunuz var. Necə oldu bu? Emil Quliyev sizi necə dəvət etdi?

- Emil Quliyevlə artıq 5-ci işimdir bu. Bir dəfə demişdi ki, səni bu rola çəkmək istəyirəm. Amma tərəddüddə idi. Çünki həmişə komediyada oynamış birini ciddi rola çəkmək çətindir. Bir gün qalmış zəng etdi ki, gəl, bu rola çəkiləcəksən. Rejissor var ki, səni haradasa tapır, kəşf edir. Rejissor da var ki, "copy-paste" edir. Bu obraz mənim üçün çətin idi. Çünki içində bir komediya olur və istəyirsən onu ifadə edəsən. Amma Emil Quliyev imkan vermədi ki, o ciddi obrazdan çıxım. Dedi ki, mənə Elnur lazımdı - sən özün.

- Emil Quliyevlə işləmək necədir? Təkliflərə açıqdır, ya işinə kiminsə qarışmasına icazə vermir?

- Emil bu barədə çox rahatdır. Əksinə, improvizasiyalara imkan yaradır. Deyir ki, bu, aktyorun istedadıdır.

- Aktyor və ssenarist kimi fəaliyyət göstərirsiz. Bəs özünüzü rejissorluqda da sınamaq fikriniz olub?

- Rejissor kimi fəaliyyət göstərmək istəyim olmayıb. Buna imkan da yaranıb, amma istəməmişəm.

- Bir neçə ay əvvəl "Bacanaqlar"ın "Məhəbbəti" Ramin Hacıyevlə müsahibəm olmuşdu. Sizdən söz düşəndə dedi, müsahibə alanda Elnurdan soruşarsan ki, ona niyə "Moruq" deyirlər?

- Ümumiyyətlə, köhnə "KVN"çilər hamısı mənə "Moruq" deyir. Kiçik bir rolum var idi, arada səhnəyə içkili halda çıxıb "Moruq, telefon, faks" deyib gedirdim. Guya, moruq arağı reklam edirdim. Səhnədən çıxanda rəhmətlik rejissor Anar Məmmədxanov dedi ki, nə edirsən et, bundan sonra adın "Moruq" qalacaq. İndi də "KVN"çilərin yanında Elnur deyəndə soruşurlar, hansı Elnur? Deyəndə ki, "Moruq", tanıyırlar.

- İki övladınız var... 

- Bəli, bir oğlum və bir qızım var. Oğlumun 14, qızımın 12 yaşı var. Zəhmli bir ata deyiləm. Doğrudur, atayam, tələbkarlığım var. Oğlumla çalışıram dost olum. Birlikdə futbola baxırıq, azarkeşlik edirik.

- Hansı kluba azarkeşlik edirsiz?

- Bir gəncəli kimi "Kəpəz"ə azarkeşlik edirəm. Amma Avroliqada hansı klubumuz oynasa, bir Azərbaycanlı kimi onun tərəfini tuturam. Dünyadan isə mən "Real Madrid", oğlum isə "Barselona" azarkeşidir.

- Ata-oğul arasında "El klassiko"...

- Bəli, öz aramızda bir-birimizi qıcıqlandırırıq (gülür). O gün də "Barselona" uduzmuşdu. "Kəpəz" isə liqanın aşağı pillələrində olsa da, yenə də ona azarkeşlik edirəm. Yadıma gəlir, uşaq vaxtı dəmir barmaqlıqların arasından gizli keçib oyunu izləyirdik. 

- Çəkiliş meydançasında hansı maraqlı anlar olub?

- "Bacanaqlar"ı çəkəndə aktrisalarımızdan biri dedi ki, rejissorluq fakültəsində oxuyan rəfiqəm var, icazə verin, gəlib, çəkiliş prosesini izləsin. Razılıq verdik. Qız gəlib oturdu. Biz də kollektiv olaraq qızla zarafatlaşmaq istədik. Rejissor Ramin Hacıyev idi. Firəngiz Mütəllimova səhnədə rolunu oynayanda Ramin dedi, Firəngiz, bu nə oyundur oynayırsan? Get, yenidən gəl. Niyə sözü düz demirsən? Qız baxdı ki, rejissor Firəngiz xanımla belə davranır. Normalda heç kimlə elə davranılmır. Özəlliklə Firəngiz xanım elə peşəkardır ki, bir baxışdan hər şeyi anlayır. Firəngiz xanım da dedi, bağışlayın, Ramin müəllim, bağışlayın. Yaşar Nuri digər otaqda idi. Yanına keçib dedim, Yaşar müəllim, belə bir zarafat qurmuşuq, Ramin hamını ora-bura qovur. Yaşar Nuri yavaş-yavaş barmağının ucunda otaqdan çıxdı. Ramin qışqırdı ki, Yaşar, neynirsən sən, gir otağa. Yaşar Nuri dedi, bağışlayın, Ramin müəllim, bağışlayın. Qız dəli oldu ki, cavan bir uşaq nəhəng aktyorları ora-bura qovur.

- Siz uzun illər yumorla məşğul olmusuz, indi isə daha çox ciddi obrazı oynayırsız. Hansında özünüzü daha rahat ifadə edirsiniz?

- Bu mənim işimdir. Bir bəstəkar dostum var. Bir dəfə mahnı yazmışdı, özü də çox populyar müğənni oxumuşdu o mahnını. Dedim ki, sən o mahnını yazanda nə hislər keçirmisən? Haradan ilhamlanmısan? Dedi, Elnur, pul lazım idi (gülür). Beyin ekstremal vəziyyətlərdə daha tez və aktiv fəaliyyət göstərir. "Şerlok Holms" çəkiləndə prodüser bəstəkara zəng edir ki, necə oldu mahnı? Axı, film çəkilib, yığılmalıdır. Bəstəkar isə musiqini hazır etməmişdi. Deyir, hazırdır musiqi, axşam atacam sənə və tez telefon qulağında yaxınlaşır pianoya, başlayır bədahətən ifa etməyə. Prodüser deyir, əla, çox gözəldir. 

Foto İlkin Nəbiyev © APA group

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar