Hər gün təmizlik etmək fikri, xüsusən də ağır iş günündən sonra heç də asan deyil. Ailələrin çoxu təmizliyi həftə sonuna saxlayır, lakin evdə hər gün diqqət tələb edən zonalar var.
Lent.az xarici mediaya istinadla evinizdə bakteriya və mikrobların toplanmasının qarşısını almaq üçün hansı əşyaların hər gün silinməli olduğu barədə məlumat verir.
Qapı dəstəkləri
Qapı dəstəklərinə və şkaf tutacaqlarına gün ərzində dəfələrlə toxunuruq. Məntiqlidir ki, ən çox bakteriya məhz orada, xüsusən də evə qayıtdıqdan sonra toplanır. Dezinfeksiyaedici salfetlərdən istifadə etmək mikrobları asanlıqla yox edir və təmizliyi qorumağa kömək edir.
Mətbəx çanağı (moyka)
Çanağın yanında meyvə milçəkləri görmüsünüz? Bu təsadüf deyil. Çanaqda tez-tez saatlarla və ya günlərlə qalan qida qalıqları bakteriyalar üçün ideal mühitə çevrilir. Çanağı təbii yolla təmizləmək üçün buz kublarını bir çay qaşığı soda ilə qarışdırıb boruya tökməyi, sonra isə soyuq su ilə yumağı tövsiyə edir.
Çanağın xarici təmizliyi üçün Sendifer yağ təmizləyici xüsusiyyətli dezinfeksiyaedici sprey və mikrofibra bezdən istifadə edərək kranı, dəstəkləri və səthləri silməyi məsləhət görür: Bu, nəinki bakteriyaları öldürür, həm də pasın yaranmasının qarşısını alır.
Qabyuyan maşın
Qabyuyan maşın da bakteriyaların toplandığı başqa bir yerdir. Hər gün aşağı qabı (lotoku) qida qalıqlarına görə yoxlayın və onları təmizləyin. Qabyuyan maşının dəstəyi də hər gün silinməlidir, daxili qabı isə həftədə və ya ayda bir dəfə ağ sirkə töküb qısa proqramda işlətməklə təmizləmək olar.
Mikrodalğalı soba
Əgər mikrodalğalı sobadan tez-tez istifadə edirsinizsə, yəqin ki, qida qalıqlarını və qoxuları hiss etmisiniz. Hər istifadədən sonra onu sürətlə silmək tövsiyə edilir. Mikrofibra bez və yağ təmizləyici vasitə qida izlərinin öhdəsindən asanlıqla gələcək.
Mətbəx masası və stullar
Mətbəx evin ən çox istifadə olunan zonalarından biridir, ona görə də burada hər istifadədən sonra təmizlik etmək xüsusilə vacibdir. Masa və stullarda mebelə zərər verə biləcək qırıntılar və yapışqan qida izləri qalır. Mikrofibra və yağ təmizləyici sprey bu işin öhdəsindən rahatlıqla gəlir.
Vanna otağındakı əlüzyuyan
Vanna otağı da yüksək riskli zonalara aiddir. Ekspertlər hər gün kranı və əlüzyuyanın dəstəklərini dezinfeksiyaedici salfetlər və ya spreylə silməyi, çanağı isə pasta qalıqlarından və digər çirklərdən təmizləməyi məsləhət görürlər.
Unitaz
Şərhə ehtiyac yoxdur: unitaz evin ən çirkli əşyalarından biridir. Əsas təmizliyiniz həftədə bir dəfə olsa belə, oturacağı və su axıtma (sifon) düyməsini hər gün silmək xüsusilə vacibdir.
Elektronika
Telefonlar, planşetlər, klaviaturalar, pultlar - bütün bunlar daim əllərlə təmasda olur və mikrobları toplayır. Gündəlik silmək bakteriyaların ötürülmə riskini azaldır. Ekrana zərər verməyən 70 faizlik spirt tərkibli salfetlər seçmək vacibdir.
Sevda Rumi