Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın CM-nin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, zərərçəkənin hüquqi varisi çıxış edərək hər iki təqsirləndirilənin ömürlük cəzaya məhkum edilməsini məhkəmədən istəyib.
Təqsirləndirilən Leyla Abbasova üç uşağının olmasını nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını məhkəmədən istəyib.
Digər təqsirləndirilən Zahir Soltanov çıxışında üzünü zərərçəkənin ailəsinə tutaraq "Tək mənəm günahkar. Qanım sizə halaldır, istəyirsiniz öldürün məni. Möhtərəm məhkəmə, nə cəza verirsinizsə, mənə verin" deyib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilənlər - Leyla Abbasovanın 15 il, Zahir Soltanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər - Leyla Abbasovanın 17 il, Zahir Soltanovun 19 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.