80 yaşlı analarına həqiqəti  deməmək üçün ölən oğullarının oxşarını  yaratdılar
28 aprel 2026 17:44 (UTC +04:00)

80 yaşlı analarına həqiqəti deməmək üçün ölən oğullarının oxşarını yaratdılar

0

Çində baş verən qeyri-adi hadisə cəmiyyətdə geniş rezonans doğurub. Ailə üzvləri avtomobil qəzasında həlak olan kişinin ölümünü onun yaşlı anasından gizlədərək, yerinə süni intellektlə yaradılmış rəqəmsal əkizdən istifadə ediblər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ailə 80 yaşlı qadının psixoloji vəziyyətini qorumaq məqsədilə onun oğlunun görüntüsünü və səsini əks etdirən süni intellekt modeli hazırlatdırıb. Rəqəmsal obraz mərhumun fotoşəkilləri, videoları və səs yazıları əsasında yaradılıb. Nəticədə proqram təminatı yalnız zahiri görnüşü və səsi deyil, həm də onun danışıq tərzini, jestlərini və davranış xüsusiyyətlərini kifayət qədər real şəkildə təkrarlaya bilib.

Ailə qadına oğlunun öldüyünü deməyib. Ona bildirilib ki, o, sadəcə başqa şəhərdə işləyir. Bu səbəbdən qadın mütəmadi olaraq oğlu ilə videozənglər edir və onunla ünsiyyətdə olduğunu düşünür. Danışıqlar zamanı ana oğluna yaxşı qidalanmağı, isti geyinməyi tövsiyə edir, o isə yaxın zamanda görüşəcəyinə söz verir.

Qeyd olunur ki, dünyasını dəyişən şəxs ailənin yeganə övladı olub. Bundan əlavə, onun anasının ürək problemləri var və yaxınları ağır xəbərin onun sağlamlığına ciddi zərər verə biləcəyindən ehtiyat edərək bu addımı atıblar.

Hadisə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və istifadəçiləri iki düşərgəyə bölüb. Bəzi insanlar ailənin qərarını anlayışla qarşılayaraq bunu qayğı və qoruma kimi qiymətləndirir. Digərləri isə bu yanaşmanı kəskin tənqid edərək bildirirlər ki, insanın həqiqəti bilmək hüququ var, hətta bu acı olsa belə.

Müzakirələr daha geniş etik sualı da gündəmə gətirib: süni intellekt texnologiyalarından istifadə edərək reallığı gizlətmək və yaxın insanın ölümünü ört-basdır etmək nə dərəcədə doğrudur?

Ekspertlər qeyd edir ki, süni intellekt imkanları artdıqca belə halların sayı da çoxala bilər və bu, gələcəkdə hüquqi və etik çərçivələrin daha dəqiq müəyyənləşdirilməsini zəruri edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar