Türkiyənin "Beşiktaş" klubu "Zenit"in futbolçusu Daler Kuzyaevi almaq fikrinə düşüb.
Lent.az bildirir ki, bu barədə “Fotomac” məlumat yayıb.
Mənbənin məlumatına görə, 16 qat Türkiyə çempionu rusiyalı yarımmüdafiəçiyə daha bir mövsüm uzatma imkanı ilə iki illik müqavilə təklif edəcək.
Razılaşmaya əsasən, Kuzyaev ildə 1,8-2,2 milyon avro alacaq. Bundan əlavə, 2,5 milyon avroluq imza bonusu da var.
Qeyd olunur ki, komandanın baş məşqçisi Şenol Günəş 30 yaşlı futbolçunun alınmasına razılıq verib.
Daha əvvəl Kuzyayevə digər xarici klubların da maraq göstərdiyi məlum olub. Futbolçunun transferini Fransanın "Marsel" və Türkiyənin "Fatih Karagümrük" klubları nəzərdən keçirib.
Kuzyaev 2017-ci ildən "Zenit"də çıxış edir. Onun Sankt-Peterburq komandası ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır. Rusiya Premyer Liqasının son mövsümündə futbolçu 26 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.