Suriyanın devrilmiş lideri Bəşər Əsədin Dəməşqin süqutundan sonra Rusiyaya qaçdığı və çətin bir dövr keçirdiyi iddia edilir. Həyat yoldaşı Əsma Əsədin bir daha ondan boşanmaq qərarına gəldiyi və bununla da evliliklərinə son qoyduğu və Əsədin ağır psixoloji stressdən əziyyət çəkdiyi iddia edilir.
Lent.az bildirir ki, Suriyanın devrilmiş lideri Bəşər Əsəd, Almaniya mətbuatında yer alan iddialardan sonra yenidən beynəlxalq diqqət mərkəzinə çevrilib. Bu iddialara görə, 2024-cü il dekabrın 8-də BƏƏS rejiminin süqutundan sonra Rusiyaya qaçan Əsəd sürgündə çətin bir dövr yaşayır.
“Bild” qəzetinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, "Səhranın gülü" ləqəbi ilə tanınan Əsma Əsəd Bəşər Əsəddən boşanmaq qərarına gəlib. İddia olunur ki, onların evliliyi faktiki olaraq sona çatıb və bu proses Əsədin şəxsi həyatındakı uçurumu daha da dərinləşdirib. Bundan əlavə, Əsədin ağır psixoloji stressdən əziyyət çəkdiyi iddia edilir.

Böyük Britaniyada yerləşən UK Declassified tərəfindən dərc edildiyi bildirilən sənədlərə əsaslanan iddialarda Əsma Əsədin 1990-cı illərdən etibarən Britaniya daxili kəşfiyyat xidməti MI5 ilə əlaqədə olduğu iddia edilir. Lakin bu iddiaları müstəqil mənbələr təsdiqləməyib.
Bu iddialar ötən il də ortaya çıxmışdı. Lakin Kremlin sözçüsü Dimitri Peskov Əsəd cütlüyü ilə bağlı iddiaları təkzib edərək deyib: "Xeyr, bunlar reallığa uyğun deyil".

Bu arada, Almaniyanın həftəlik "Die Zeit" qəzetində Əsədin gündəlik həyatı ilə bağlı təəccüblü detallar paylaşılıb. Məlumata görə, keçmiş Suriya lideri vaxtının böyük bir hissəsini kompüter qarşısında və video oyunlar oynamaqla keçirir.