ABŞ-da fəaliyyət göstərən Reflect Orbital şirkəti gecə vaxtı Yer səthini işıqlandırmaq üçün orbitdə yerləşdirilən güzgülər sistemi yaratmağı planlaşdırır. Layihə on minlərlə reflektor qurğunun orbitə çıxarılmasını nəzərdə tutur. Bu güzgülər Günəş işığını əks etdirərək sifariş əsasında planetin müəyyən hissələrini gecə vaxtı işıqlandıra biləcək.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Qeyd olunur ki, ideya yeni deyil. Hələ 1923-cü ildə raket mühəndisliyi üzrə alim Herman Obert “Planetlərarası məkanda raket” əsərində orbitdə yerləşdirilən böyük güzgülərin fövqəladə hallar zamanı və fəlakətlərin qarşısının alınmasında istifadə oluna biləcəyini irəli sürmüşdü.
XX əsrdə bu konsepsiyanı reallaşdırmaq üçün bir neçə cəhd edilib. Məsələn, 1990-cı illərdə Rusiyanın “Znamya” proqramı kosmosdan işığın əks olunmasının mümkün olduğunu nümayiş etdirmişdi. Layihə çərçivəsində yaranan işıq şüası Avropa üzərində Ay işığına bənzər parlaq ləkə kimi müşahidə olunmuşdu.
Reflect Orbital şirkəti orbitə diametri 20-50 metr olan təxminən 50 min güzgü çıxarmağı planlaşdırır. Bu qurğular Yer ətrafında “kəmər” formalaşdıracaq və müştərilərin sorğusuna uyğun olaraq müəyyən ərazilərə işıq yönəldəcək.
Şirkətin təsisçisi Ben Novak bildirib ki, bu sistemi xüsusi tətbiq vasitəsilə idarə etmək mümkün olacaq.
Xidmətin təxminən saatı 5 min dollar dəyərində olacağı gözlənilir. Layihənin tətbiq sahələri kimi xilasetmə əməliyyatları, kənd təsərrüfatı və günəş elektrik stansiyalarının səmərəliliyinin artırılması göstərilir. Texnologiyaya hərbi qurumların da maraq göstərdiyi bildirilir.
Bununla belə, layihə artıq tənqidlərə səbəb olub. Astronomlar belə sistemin işıq çirklənməsini artıracağını və kosmik müşahidələri çətinləşdirəcəyini bildirirlər. Ekoloqlar isə bunun heyvanların təbii ritmlərinə mənfi təsir göstərə biləcəyindən narahatdır.
Bəzi tədqiqatçılar layihənin iqtisadi səmərəliliyini də sual altına alır. Onların fikrincə, gecə işıqlandırmasından əldə ediləcək fayda məhdud ola bilər və bu məqsəd üçün enerji yığımı kimi daha effektiv alternativlər artıq mövcuddur.
Qeyd edək ki, şirkət artıq 25 milyon avro investisiya cəlb edib və ABŞ-da müvafiq icazələri aldıqdan sonra ilk sınaq peykini orbitə çıxarmağı planlaşdırır.