Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1990-cı il təvəllüdlü, Lənkəran Ağır cinayətlər məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 318.2 və 66.3 maddələri ilə təqsirli bilinərək 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmayıl Məmməd qızı Məmmədovanın yanına qısamüddətli görüşə gəlmiş, anası vətəndaş Xalidə Mansur qızı Mansurovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, əynindəki gödəkcənin sol iç cibindən 1 ədəd daxilində “Sim” danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Lent.az-ın məlumatına görə, H.Məmmədovanın da daxil olduğu qruplaşma keçən ilin aprel ayı ərzində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan-İran sərhədindən narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan hər iki ölkənin vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrup aşkar olunaraq zərərsizləşdirilib. Məlum olub ki, qrup üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil ediblər.
DSX tərəfindən keçirilmiş tədbirlər nəticəsində qrupun Azərbaycan vətəndaşlarından olan 2 üzvü saxlanılıb. Onlarla aparılmış araşdırma zamanı məlum olub ki, İrandan Azərbaycana gətirilmiş narkotik vasitənin müqabilində 2 nəfər Azərbaycan vətəndaşı – Masallı rayon sakinləri Əhmədov Zamin Gülhüseyn oğlu və Məmmədova Həmayıl Məmməd qızı İranın Parsabad şəhristanı Əlirzabad kəndində girovluqda saxlanılır, onların səhhətinə və həyatına ciddi təhlükə yaranıb. Bundan sonra İran sərhəd polisinin aidiyyəti qurumu məlumatlandırılıb, müqabil tərəfdə mütəşəkkil qrup üzvlərinin müəyyənləşdirilərək aşkar edilməsi, zərərsizləşdirilməsi və Azərbaycan vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb. İranın aidiyyəti qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyd olunan qrupun İran vətəndaşlarından ibarət 4 üzvü törətdikləri cinayətə görə saxlanılıb və girovluqda olan Azərbaycan vətəndaşları azad edilərək may ayının 3-də Azərbaycana təhvil verilib.