Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.
***
saat 14:11
Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
FHN-dən Lent.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
14:00
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-dən Lent.az-a verilən məlumata görə, hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13:00
Xəbər verildiyi kimi, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən Lent.az-a bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
***
12:18
Bu gün saat 11:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
Paytaxtın Səbail rayonunda yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Qeyd olunub ki, yanğın zamanı polis əməkdaşları operativ müdaxilə edərək əleyhqazları vətəndaşlara təqdim edib, onların zəhərlənməsinin qarşısını alıblar.
***
11:49
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən Lent.az-a bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.