Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Kəlbəcər rayon sakini Elnur Alməmmədovun Gəncəyə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Liderpress.az” MMC-də işlədiyini bildirib.
Üzərində gəzdirdiyi, həmin müəssisənin xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. E.Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün bu yola əl atdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.