"Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşalma yoxdur".
Lent.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. Onun sözlərinə görə, polis postlarının sayının azaldılması ilə bağlı yayılan xəbərlər əsassızdır:
“Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb.
Bildirirəm ki, məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 4-dən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq etdiyi qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur.
Məlumat üçün qeyd edim ki, Daxili İşlər Nazirliyində mövcud şərait və vəziyyət gündəlik təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb-azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib.
Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”.