Britaniyalı aktyor, “Doktor Kim” serialında Mikki Smit rolu ilə tanınan Noel Klark, 2007-ci ildə guya törədildiyi iddia olunan zorlama cəhdində şübhəli bilinərək saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, fevralın 10-da saxlanılan 50 yaşlı aktyor əvvəlcədən razılaşdırılmış qaydada vəkili ilə birlikdə polis bölməsinə gəlib.
Klarka qarşı ittihamı irəli sürən qadının sözlərinə görə, iddia edilən hadisə zamanı onun təxminən 20 yaşı olub. O bildirir ki, aktyor ona qarşı qanunsuz seksual xarakterli hərəkətlər edib.
Dindirilmə zamanı polis həmçinin gizli müşahidə və ya şəxsin razılığı olmadan çəkiliş aparılması (voyeurizm) ilə bağlı ittihamlar barədə də suallar verib. Bu epizod üzrə Klark 2025-ci ilin sentyabrında artıq saxlanılıb. Bütün prosedurlar başa çatdıqdan sonra aktyor zaminə buraxılıb.
