İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi Livanda həyata keçirilən hava zərbəsi nəticəsində “İslami Cihad” hərəkatının yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

IDF-nin məlumatına görə, zərbə nəticəsində Livanın Bekaa bölgəsi üzrə “İslami Cihad” komandiri olan Wael Mahmoud Abd al-Halim məhv edilib. İsrail ordusu bildirib ki, Abd al-Halim Livanda “İslami Cihad” üzvlərinin Hizbullah döyüşçüləri ilə birlikdə əməliyyatlarda iştirakını koordinasiya edib, son həftələrdə İsrail əsgərlərinə qarşı terror hücumlarının hazırlanmasında iştirak edib. Həyatını son anına kimi terror hücumları edirmiş.
İsrail ordusunun yaydığı açıqlamada qeyd olunub:
“Abd al-Halim Livanda Hizbullah terrorçuları ilə birgə döyüş əməliyyatlarına İslami Cihad terrorçularının inteqrasiyasına rəhbərlik edib və son həftələrdə İsrail əsgərlərinə qarşı terror hücumlarının irəlilədilməsi istiqamətində fəaliyyət göstərib”.
İsrail ordusu bildirib ki, bu əməliyyat son 24 saat ərzində Livanda həyata keçirilən 30 hava zərbəsindən biri olub.
Məlumata görə, zərbələr zamanı, silah anbarları, müşahidə məntəqələri, Hizbullahın istifadə etdiyi obyektlər hədəfə alınıb.
IDF qeyd edib ki, həmin obyektlərdən İsrail ordusuna və İsrail dövlətinə qarşı hücumların planlaşdırılması üçün istifadə olunurdu.
Regionda gərginliyin daha da artdığı bildirilir.