Bakının müxtəlif yerlərində həm nəqliyyat vasitələrinin həm də piyadaların intensiv hərəkət etdiyi bəzi yerlərdə yol hərəkətinin düzgün tənzimlənməməsi problemlərə səbəb olur. Lent.az-ın məlumatına görə, belə bir vəziyyətin hökm sürdüyü Xocalı prospektində (metronun “Xətai” stansiyasının qarşısı) artıq problem həll edilib. Metrodan Ali Neft Məktəbinə və əks istiqamətə piyadaların intensivliyini nəzərə alaraq burada piyada zolağı çəkilsə də, sonradan nəqliyyatın hərəkətində yaranan ciddi maneə ərazidə işıqforun quraşdırılmasını zəruri etdi və artıq burada yol hərəkətini işıqfor tənzimləyir.
Anoloji problem Sabunçu rayonu ərazisində, Şəhər şosesinin Sabunçu dairəsi yaxınlığındakı hissəsində (Sabunçu xəstəxanasına gedən yol tərəf) də mövcuddur. Burada yerləşən avtobus dayanacağı və piyada keçidi nəqliyyatın hərəkətinə ciddi maneə yaradır. Piyadalar zolaq üzərindən intensiv hərəkət etdiyindən avtomobillər dayanmalı olur. Beləliklə, günün müxtəlif saatlarında Bakının bir çox qəsəbə və kəndlərini mərkəzlə birləşdirən yolda qeyri-ixtiyarı sıxlıq və ya tıxac yaranır. Eyni zamanda həmin ərazidə mütəmadi olaraq qəzalar baş verir, insanlar xəsarət alır. Məsələnin kökündən həll edilməsi üçün ərazidə yeraltı və ya yerüstü piyada keçidinin çəkilməsi zəruri olsa da, burada işıqforun quraşdırılması da problemi müəyyən qədər həll edə bilər.
Lent.az-ın məlumatına görə, ölkədə yollarda tikilən yeraltı və ya yerüstü piyada keçidinin tikintisi birbaşa olaraq Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsziliyi komissiyasının qərarı ilə ola bilər. Onlara təklifləri isə “Azəryolservis ASC” və ya digər qurumlar verə bilər.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, qurum ötən il ərzində Bakı ərazisində 45 yerdə yerüstü yüngül konstruksiyadan ibarət piyada keçidinin tikintisi ilə bağlı təklif göndərilib: “Kifayət qədər yer var ki, orada piyada keçidinin tikintisinə zərurət var. Ancaq hamısını birdən-birə tikmək mümkün deyil. Çalışırıq ki, məsələ hissə-hissə, növbəli şəkildə həll olunsun”.
A.Nəcəfli əlavə edib ki, bu il bir neçə yerdə piyada keçidinin tikintisi planlaşdırılır: “Konkret olaraq sizin dediyiniz yerə gəldikdə isə artıq Baş Dövlət Yol Polisi İdarəsi orada olan problemin aradan qaldırılması istiqamətində atılacaq addımlar üzərində işləyir”.
Baş Dövlət Yol Polisi İdarəsindən isə Lent.az-a bildirilib ki, Şəhər şosesinin qeyd olunan hissəsində məsələnin həll edilməsi üzərində iş aparılır və yaxın vaxtlarda burada yerləşən avtobus dayanacağının və piyada zolağının yeri dəyişdiriləcək.
Qeyd edək ki, piyada keçidlərinin tikilməsi ilə bağlı rəy mütəxəssislər tərəfindən həmin ərazidə hərəkət şiddəti yoxlanıldıqdan və piyadaların hərəkət intensivliyi müəyyən edildikdən sonra digər qurumlarla razılaşdırılmaqla verilir. Əgər ərazidə keçidin tikintisini zəruri edən amillər müəyyənləşdirilirsə, burada piyada keçidi tikilir. Problem müəyyən dəyişiklik etməklə həll edilə bilirsə, həmin dəyişiklik üzərində iş aparılır.