Soyqırımı anlayışı və Xocalı soyqırımına dünyada münasibət
25 fevral 2016 14:29 (UTC +04:00)

Soyqırımı anlayışı və Xocalı soyqırımına dünyada münasibət

0

Soyqırımı anlayışı və Xocalı soyqırımına dünyada münasibət

 

Soyqırımı və ya genosid bir etnik, dini və ya milli qrupun tamamilə və ya qismən məhv etmək üçün düşünülmüş və sistematik aparılmış aktlar deməkdir.

 

Soyqırımı bir cinayət olaraq ilk dəfə İkinci Dünya Müharibəsinin gedişatında baş verən ağır cinayətlərə baxan Nürnberq məhkəmə prosesində ortaya qoyulub. Genosid konsepsiyası polşalı hüquqşünas Rafael Lemkin tərəfindən irəli sürülüb və müəyyən olunub. Bu termin Lemkin tərəfindən "siyasi, irqi və ya dini zəmində hər hansı mülki, dinc əhaliyə qarşı törədilmiş öldürülmə, məhv edilmə, əsarətə salıb kölələşdirmə, deportasiya və digər qeyri-insani aktları və ya təqibləri"  anlamında işlənib və o zamandan bəri beynəlxalq aləmdə eyni anlamda qəbul olunur.

 

1948-ci ildə BMT soyqırımlarının qarşısının alınmasına dair və törədilmiş soyqırımı cinayətinə görə onu törədən ölkəyə cəza verilməsinə dair Konvensiya sənədini tərtib edib. Bu Konvensiyanın II məqaləsində soyqırımının tərifi milli mənsubiyyətinə, irqinə və ya dininə görə bir qrupun tamamilə və ya qismən məqsədyönlü məhv olunması yolunda işlənən cinayətlər olaraq verilir. 

 

Konvensiyada sayılan cinayətlər bunlardır: 1. Qrupun üzvlərini öldürmək; 2. Qrupun üzvlərinə fiziki və mənəvi zərər vermək;  3. Qrup içində doğuşların qarşısının alınmasına dair tədbirlər keçirmək;  4. Zorakılıqla uşaqları öz qrupundan ayırıb başqa qrupa keçirmək .

 

Soyqırımı Konvensiyası Beynəlxalq Hüququn bir hissəsidir. Soyqırımı qadağası həmçinin bu konvensiyanı ratifikasiya etməmiş dövlətlərə aiddir. Hüquq elmində belə qadağaya “jus cogens” deyilir.  

 

İsveç bu konvensiyanı ratifikasiya edib və bundan əlavə soyqırımına cəza verilməsi qanununu qəbul edib. Qanunun 1-ci paraqrafında deyilir ki, milliyyəti, irqi və ya dininə görə bir qrupa qarşı qərəzli olaraq tamamilə və ya qismən məhv etmə cinayəti etmiş şəxslərə 4 ildən 10 ilə qədər, buna təşəbbüs göstərən və təşkil edənə isə ömürlük həbs cəzası verilməlidir.

 

2-ci paraqrafda isə bildirilib ki, soyqırımına cəhd göstərən, hazırlıq və ya sui-qəsd edən, həmçinin belə cinayətlərin üstünün açılmaması cəhdlərini edən şəxs məsuliyyətə cəlb edilməlidir.

 

Müxtəlif tarixçilər və beynəlxalq hüquq ekspertləri soyqırımı tarixinin nisbətən yeni fenomen olub-olmaması və ya bu fenomenin bəşəriyyətin əzəldən bəri bir-birinə qarşı mübarizəsi, müharibələr etməsi və öz icmalarının dövlətlərini yaratmaq uğrunda savaşı olub-olması barədə eyni fikirdə deyillər. “İncil”də, dördüncü Musa kitabının 31-ci fəslində söhbəti gedən israillilər tərəfindən qisas olaraq törədilmiş Midyanlıların soyqırımı misal gətirilir. Musa 12000-dən ibarət ordusunu Mədyənə göndərir və onlar bütün şəhəri və çadır düşərgələrini yandırırlar və oradakı bütün kişiləri, oğlanları və kişi ilə cinsi əlaqədə olmuş bütün qadınları öldürürlər. Cinsi əlaqədə olmamış bütün qızları isə özlərinə götürürlər.

 

Alimlərin soyqırımı tərifi məsələsində fikir ayrılığı və konsensus tapa bilməməsi bir neçə amillərdən irəli gəlir. Əvvəla ona görə ki, əslində soyqırımın tam olaraq nə kəsb etdiyi barədə eyni düşünmürlər. Tənqidçilərin fikrincə,  BMT-nin soyqırımları ilə bağlı tərifi çox da geniş verilməyib.

 

Birincisi, qruplar bu tərifdə yalnız milliyyətinə, etnik mənsubiyyətinə və ya dininə görə kateqorizə olunurlar, ikincisi, burda törədənlərin qərəzi, yəni bir başqa qrupu tamamilə ya da qismən silmək, yox etmək məqsədi olmalıdır. BMT-nin tərifinə görə, nasist Almaniyasının yəhudilərə və qaraçılara qarşı törətdiyi aktları onların kökünü kəsmək üçün törədilib və soyqırımı adlandırılmalıdır.

 

1994-cü ildə Ruandada tutsilərə qarşı törədilmiş aktlar soyqırımı adlandırılır. Bir çox Qərb alimlərinə görə türklərin İ Dünya Müharibəsi zamanı ermənilərin, assuriyalıların və hətta yunanların öldürülməsi aydın faktlardır, sistematik işlənib və bu səbəbdən “soyqırımı” adlandırılmalıdır. Lakin Qərb ölkələrinin müstəmləkəçilərinin Asiyada, Afrikada və Amerikada törətdiyi qətliam və xəsarət vermə fəaliyyəti, hətta Belçika imperiyasının Konqoda törətdiyi milyonlarla konqolunun qətlə yetirilməsi faktı və ya almanların öz müstəmləkələri olan Namibiyada törətdiyi qətliamlar nədənsə soyqırımı adlandırılmamalıdır!

 

Xirosima və Naqasakidəki bombardmanlar hələ də soyqırımı adlandırılmır. Bu necə bir ədalət və necə bir hüquqdur? Bu ayrımçı yanaşmanın kökü rasizmdən, irqçilikdən gəlir! Bunun başqa yorumu yoxdur!

 

Bu yanaşmaya görə 1936 -1938 illərdə Stalin rejiminin törətdiyi, tarixdə yaxşı məlum olan Yejovşina və Böyük Təmizləmə aktları, II Dünya Müharibəsi zamanı  Sovet İttifaqının törətdiyi cinayətlər soyqırımı sayılmamalıdır.

 

İkincini anlamaq olar, çünki bu aktlar bir qrupa, bir soya qarşı deyil müxtəlif etnik mənsubiyyətdən olan qarışıq qruplara qarşı törədilib. 1936-1938 illərdə milyonlarla insana ”xalq düşməni” damğası vurularaq “qulaq” adlandırılıb, islah-əmək düşərgələrində qətlə yetiriliblər.

 

Lakin BMT-nin yuxarıda verilən tərifinə görə Stalin rejiminin II Dünya Müharibəsindən əvvəl ya sonra “bəzi xalqlar”ın (o cümlədən ermənilərin) zorakılıqla deportasiya edilməsi soyqırımı adlandırıla bilər. Bu ”bəzi xalqlar”a sevgi haradan qaynaqlanır, görəsən? Bu gərək alimlərin ciddi araşdırma və müzakirə mövzusu olsun!       

 

Azərbaycan tarixçiləri, politoloqları və hüquqşünasları durmadan Xocalı soyqırımına görə ədalət məhkəməsi tələb etməlidirlər. Bu tələblərdə BMT-nin, Avropa İttifaqının və beynəlxalq hüququn  əlaqədar məsələlər üzrə məsullarını ayrıcı, tərəf tutan, qərəzli və görməzdən gəlmə yanaşma tərzində suçlamalıdırlar.

 

 

Səadət Kərimi - fəlsəfə doktoru, İsveçin Umea Universitetin dosenti

   

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar