Qənirə Paşayeva: “Terrora qarşı mübarizədə Türkiyənin yanındayıq”
19 fevral 2016 17:14 (UTC +04:00)

Qənirə Paşayeva: “Terrora qarşı mübarizədə Türkiyənin yanındayıq”

0

 

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsib, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyev, İzmirdə fəaliyyət göstərən azərbaycanlı alim Gülmira Kuruoğlu, İzmir valisi Mustafa Toprakla görüşüb.

Lent.az-ın məlumatına görə,  Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı təşkil edilən konfransda iştirak edən Q.Paşayeva Ankarada həyata keçirilən terror hadisəsindən söz açaraq ölənlərə rəhmət, yaxınlarına səbr diləyib: “Terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq”.

 

 

Millət vəkili Ermənistan dövlətinin birbaşa dəstəyi ilə 24 il əvvəl Azərbaycanda həyata keçirilən dəhşətli terror hadisələrinə toxunaraq bildirib ki, dünya terrorla mübarizədə hələ də ikili standartlardan əl çəkmir: “Bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün bütün Türk dünyası fəaliyyətini artırmalıdır”.

 

Q. Paşayeva beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilmədiyini qeyd edərək, erməni diasporuna qarşı birlikdə mübarizə aparmağının vacibliyini də söyləyib : "Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməliyik. Tariximizin dünyanın hər yerində yaşayan gənclərimizə daha yaxşı öyrədilməsi üçün daha çox çalışmalıyıq. Erməni soyqırımı yalanlarına qarşı mübarizəni də birlik və bərabərlik içində aparmalıyıq".

 

Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Millət vəkili Q.Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsib İzmirdə təhsil alan azərbaycanlı tələbələrin yataqxanalarla bağlı problemlərinin həlli istiqamətində müzakirələr aparıb.   

 

Xocalı Soyqırımından, Qarabağdan danışan İzmir valisi Mustafa Torpak Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Türkiyənin bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını deyib.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İzmir Valisi Mustafa Topraka Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını təqdim edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar