Azərbaycanın Batumidəki konsulluğunda Xocalı soyqırımı anılıb
26 fevral 2016 14:32 (UTC +04:00)

Azərbaycanın Batumidəki konsulluğunda Xocalı soyqırımı anılıb

0

 

Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən baş konsul Rəşad İsmayılov  Xocalı faciəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri adlandırıb.  Diplomat diqqətə çatdırıb ki, fevralın 26-sı təkcə Azərbaycan üçün deyil, insanlıq üçün də kədərli gündür və iyirmi dörd il əvvəl Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc insanların xatirəsini anmaq hər kəsin borcudur.

Baş konsul R. İsmayılov həmçinin qeyd edib ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə hazırlanan  “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabı Baş konsulluq tərəfindən gürcü dilində tərcümə olunub.

Bundan başqa, tədbirdə Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar xüsusi stend hazırlanıb, gürcü sənətçilərinin iştirakı ilə faciəni əks etdirən gürcü dilində səhnə nümayiş olunub. Həmçinin, “Xocalı faciəsi uşaqların gözü ilə “ rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

Qeyd edək ki, anım mərasimində Acarıstan Muxtar Respublikası hökumət aparatının, nazirliklərinin və qurumlarının məsul işçiləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş, tarix elmləri doktoru Quram Marxuliya, Batumi Dövlət Universitetinin professoru Rostom Quntaişvili, universitetin professor-müəllim heyəti, Kulevi terminalının və Gürcüstanda fəaliyyət göstərən "SOCAR" şirkətinin rəhbər heyəti və əməkdaşları, Acarıstan MR-dəki icmaların rəhbərləri, Acarıstanın ziyalıları, Azərbaycan icmasının üzvləri, QHT və KiV nümayəndələri iştirak ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar