Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən gün yaydığı material Ramiz Mehdiyevin dövlətə xəyanətini və onun müxalifət düşərgəsi ilə gizli əlaqələrini danılmaz faktlarla sübuta yetirmiş oldu.
Həmçinin, DTX-nın yaydığı faktlar aylardır ölkə gündəmindən düşməyən "Ramiz Mehdiyev İşi"nin qaranlıq tərəflərinə də aydınlıq gətirdi.
DTX-nın yaydığı səs yazıları isə Ramiz Mehdiyevi və müxalifəti müdafiə edənlərə tutarlı cavab oldu.
İfşa olunan planlar onu göstərdi ki, Ramiz Mehdiyev anti-milli qüvvələrlə əlbir olaraq uzun illər ölkənin milli təhlükəsizliyinə təhdid olan bir şəbəkə qurub.
Mehdiyevin gizli şəbəkəsində ən çox Milli Şuranın, AXCP-nin adı hallanır. Bu şəbəkənin üzvləri arasında Rüstəm İbrahimbəyov, Əli Kərimli, Qənimət Zahid və Fuad Qəhrəmanlının da adları keçir. Əslində Ramiz Mehdiyevlə müxalifət arasında separat təmasların olduğu indinin məsələsi deyil. İllərdir ki, bu mövzu müzakirə olunur, Mehdiyevin radikal müxalifət təmsilçiləri ilə gizli əlaqələri barədə yazılır, deyilir. DTX-nın yaydığı sonuncu material da bu günə qədər yazılanları və deyilənləri faktlarla sübuta yetirdi.

Ramiz Mehdiyevin “Dövlət Şurası” ilə “Milli Şura”nı nə birləşdirir?
2013-cü ildə “Milli Şura” yaradılanda müxalifətdə təmsil olunan bir çox siyasətçilər bunun Rusiyanın layihəsi olduğunu etiraf edirdi. Bu gün baş verənlər onu göstərir ki, əslində, Ramiz Mehdiyevin xülyasını qurduğu “Dövlət Şurası” ilə “Milli Şura” arasında heç bir fərq yoxdur.
Hələ o zaman politoloq Qabil Hüseynli mediaya açıqlamasında “Milli Şura”nın Rusiyanın ideyası olduğunu, bütün dəstəyin Rusiyadan gəldiyini bəyan etmişdi: “Milli Şuranın yaradılması ideyası Rusiyaya məxsusdur. Ona görə də qurumun başına Rüstəm İbrahimbəyov gətirildi. Müsavat və AXCP “Milli Şura”nın Rusiyanın layihəsi olduğunu bilə-bilə bu düşərgəyə qoşuldular”.
_1770974341.jpg)
Milli Şuranın və Ramiz Mehdiyevin xəyanət məktubları
Ramiz Mehdiyevin Rusiyaya yazdığı xəyanət məktubunun oxşarını 2013-cü ildə Əli Kərimli və dəstəsi də yazmışdı. 2013-cü ildə “Milli Şura” adlı antimilli qurum Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq ondan dəstək istəmişdi. Hətta onlar hakimiyyətə gələcəkləri təqdirdə istənilən öhdəliyi götürməyə hazır olduqlarını da bəyan etmişdilər. DTX-nın yaydığı material və orada əks olunan Qənimət Zahidin səs yazısı da 2013-cü ildəki öhdəliyin təkrarlandığını sübut edir. Bu faktlar göstərir ki, Ramiz Mehdiyev xəyanətinin təməli hələ o zamandan qoyulub.

Ramiz Mehdiyevin 2019-cu ildə vəzifədən və siyasi səhnədən getməsi ilə Milli Şura və AXCP-nin də səsi və nəfəsi kəsildi. Çünki artıq onlara nəfəs verənin özünün nəfəsi kəsilmişdi. Xatırlayırsınızsa 2019-cu ilə qədər müxalifət düşərgəsində aktivlik vardı. Mitinqlər, piketlər... Əli Kərimli başda olmaqla Milli Şura rəhbərliyinin səs-küyü aləmi bürümüşdü. Ölkənin siyasi gündəmində “Milli Şura”, AXCP və Müsavat partiyası bir növ “at oynadırdı”. Müxalifətin bu cür süni şəkildə şişirdilməsi prosesinin arxasında isə Ramiz Mehdiyev dayanırdı. Mehdiyevin məqsədi özünü “hakimiyyətin qorucuyusu” kimi göstərmək idi. Mehdiyevçilər prosesləri elə təqdim edirdilər ki, sanki hakimiyyətə ciddi təhdidlər var və bu təhdidlərin qarşısını məhz onlar alırlar.
Ramiz Mehdiyev – Rusiyanın köhnə dostu
Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.

Ramiz Mehdiyevin evindən çıxan milyonlar...
DTX-nın yaydığı materialda Ramiz Mehdiyevin evindən 17 milyon manat pul tapıldığı əks olunub. Lakin hamı yaxşı bilir ki, bu "Boz kardinal"ın tam varidatı deyil. Onun varidatı milyardlarla ölçülür. Pullarının çoxunu isə sahibi olduğu "Bank BTB"də saxlayır. Qeyd edək ki, "Bank BTB" ASC Ramiz Mehdiyevin ailəsinindir. Belə ki, bu bankın səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına - Ramiz Mehdiyevin gəlininə məxsusdur.

DTX-nın yaydığı məlumat müxalifət düşərgəsində də gərginlik yaradıb. Görüntülərdə adı keçən və səs yazısı yayılanlar əl-ayağa düşüblər. Onlar müxtəlif yalanlarla çirkin əməllərinə don geyindirməyə çalışırlar.
Milli Məclisin deputatı, politoloq, siyasi şərhçi Elman Nəsirov Lent.az-a açıqlamasında DTX-nın yaydığı görüntülərdə və səs yazılarında istər Qənimət Zahidin, istərsə də Fuad Qəhrəmanlının çirkin planlarının ifşa olunduğunu bildirib:

"Onların Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağına dair öhdəlikləri təkzib edilməz faktlarla göz qabağındadır. Səs yazıları və görüntülər hər şeyi təsdiqləyir. Lakin Fuad Qəhrəmanlı əl-ayağa düşərək müəyyən dezinformasiyalar yayır ki, guya təzyiq altda qalaraq bunları deyib. Ondan başqa cavab da gözləmək olmaz. Nə gözləyirdik ki? "Bəli, bunlar hamısı olub, səhv etmişəm, cəmiyyətimiz, dövlətimiz məni bağışlasın" deməyəcəkdi ki... Təzyiq altında qalıb etmişik deyirlər. Ona qalsa, ermənilər də çox zaman eyni fikri söyləyirlər. Qənimət Zahid də öz səsini etiraf edir, amma vəziyyətdən çıxmaq üçün cürbəcür kombinasiyalara əl atmaq istəyir. Xalqın gözü tərəzidir, onlar görürlər, səsi eşidirlər. Xalq başa düşür ki, Əli Kərimli Qənimət Zahidin qarşısına hansı tələbləri, tapşırıqları qoyub və o bunları necə icra edib, hakimiyyəti zəbt etdikdən sonra yeni reallıqla bağlı hansı planları olub. Bunların hamısını Qənimət Zahid səs yazısında açıq şəkildə etiraf edib. Bundan sonra onların açıqlamaları gedən qatarın arxasınca baxmağa, yaxud daş atmağa bənzəyir. Artıq gecdir, onlar məhkəmə qarşısında cavab verməli olacaqlar. Söhbət dövlətçiliyə, dövlətə qarşı cinayətdən, vətənə xəyanətdən gedir. Azərbaycan qanunları bu məsələdə çox sərtdir. Belə də olmalıdır. Hesab edirəm ki, dünyanın istənilən ölkəsində bu cinayətlərdə sərt cəza tədbirləri olmalıdır”.