Stresdən sonra niyə şirin yemək  istəyirik?
24 aprel 2026 07:43 (UTC +04:00)

Stresdən sonra niyə şirin yemək istəyirik?

0

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) alimləri stresli bir hadisədən sonra orqanizmə şəkər daxil olmasının uzunmüddətli yaddaşın formalaşmasında mühüm rol oynadığını müəyyən ediblər.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Təcrübələr "Drosophila melanogaster" meyvə milçəkləri üzərində aparılıb. Alimlər həşəratlara müəyyən bir qoxunu xoşagəlməz stimul - yüngül elektrik şoku ilə əlaqələndirməyi öyrədiblər. Məlum olub ki, xatirələrin sabit şəkildə yaddaşda qalması yalnız təlim prosesindən sonra milçəklərə şəkər verildiyi halda mümkün olub.

Tədqiqatçılar bu prosesdə "şəkərə həssas neyronların" əsas rol oynadığını aşkar ediblər. Onlar stresli təcrübədən sonra cəmi bir neçə saatlıq məhdud zaman çərçivəsində aktivləşirlər. Bu zaman aralığında bədənə şəkər daxil olduqda, qısamüddətli yaddaşı uzunmüddətli yaddaşa çevirən siqnallar zənciri işə düşür. Aktivləşən neyronlar xatirələrin saxlanıldığı beyin sahələrinə "tirostimulin" adlı siqnal molekulu ötürür.

Bu mexanizm enerji ehtiyatları ilə birbaşa bağlıdır. Xatirələrin möhkəmlənməsi üçün beyinə çoxlu enerji lazımdır və şəkərin mövcudluğu haqqındakı siqnal, sanki beyinə bu enerjini xərcləmək üçün "icazə" verir. Bundan əlavə, stresli öyrənmədən sonra milçəklərin şirin qidaya daha çox üstünlük verdiyi müşahidə edilib. Bu da stres, yaddaş və qidalanma davranışı arasında sıx əlaqə olduğunu göstərir.

Alimlər vurğulayırlar ki, bu nəticələr hələlik həşəratlar üzərində əldə edilib və insanlarda analoji proseslərin tam olaraq necə baş verdiyi hələ dəqiqləşdirilməlidir. Buna baxmayaraq, tədqiqat emosional gərginlik zamanı şirin qidalara olan meylin ("emosional qidalanma") kökündə dayanan bioloji səbəbləri anlamağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar