Müasir dərmanlar və ya bariatrik cərrahiyyə sayəsində arıqlayan milyonlarla insan gözlənilməz bir effektlə qarşılaşır: bədən daha incə olur, amma üz daha yaşlı görünür. Həkimlər bildirirlər ki, bu fərdi xüsusiyyət deyil, qanunauyğun anatomik prosesdir və düzəldilə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, plastik cərrahlar arıqladıqdan sonra üzdə baş verən dəyişiklikləri və bununla necə mübarizə aparmağı izah ediblər.
Üzdə nə baş verir?
Sürətli çəki itkisi – istər "Ozempic" istifadəsindən, istərsə də bariatrik əməliyyatdan sonra – yalnız bədənə təsir etmir. Bədəndəki yağ toxuması ilə yanaşı, üzün orta və yuxarı hissəsində yerləşən “yağ paketləri” də azalır.
Araşdırmalara görə, ciddi arıqlamadan sonra yanaq nahiyəsindəki yağ toxuması 70 faizə qədər azala bilər.
Nəticədə yanaqlar çökür, burun-dodaq qırışları daha qabarıq görünür və ümumi “yorğun” görüntü yaranır.
Vəziyyəti daha da ağırlaşdıran məqam ondan ibarətdir ki, dərin qatlarda yerləşən yağ toxuması üz üçün dayaq rolunu oynayır. Onun azalması zəncirvari reaksiyaya səbəb olur: toxumalar aşağı enir, konturlar qeyri-müəyyənləşir, dəri elastikliyini itirir. Yaşla əlaqədar elastikliyin azalması isə bu prosesi daha da gücləndirir - həm həcm itkisi, həm də ptoz (yumşaq toxumaların sallanması) baş verir.
Həkimlər qeyd edir ki, istər öz hesabına, istər əməliyyatla, istərsə də müasir preparatlarla arıqlayan pasiyentlər tez-tez paradoksal vəziyyətlə üzləşirlər: arıqladıqdan sonra üz əvvəlkindən daha yaşlı görünür. Bu isə təsadüfi hal deyil, tamamilə təbii anatomik prosesdir.
Bunu necə düzəldirlər?
Müasir estetik cərrahiyyə artıq sadəcə dərini dartmaq yanaşmasından imtina edib. Bu gün cərrahlar üzü üçölçülü struktur kimi qiymətləndirirlər. Ən optimal yanaşma adətən kombinə olunmuş olur: həcm bərpası, toxumaların qaldırılması (liftinq) və dərinin keyfiyyətinin yaxşılaşdırılması.
Həcm bərpasının ən fizioloji üsullarından biri autoloji lipofillinqdir, yəni pasiyentin öz yağının köçürülməsi. Bu üsul həm həcm bərpa edir, həm də toxumaların keyfiyyətini yaxşılaşdırır. Lakin nəzərə almaq lazımdır ki, köçürülən yağ da adi yağ kimi davranır və gələcəkdə arıqlama davam edərsə azala bilər. Buna görə həkimlər əməliyyata yalnız çəki stabilləşdikdən sonra müraciət etməyi tövsiyə edirlər.
Həkimlərin sözlərinə görə, lipofillinq onun praktikasında ən geniş yayılmış prosedurlardan biridir və xüsusilə gözaltı nahiyə və dodaq konturu kimi həssas zonalarda effektiv nəticə verir.
Nə vaxt əməliyyatsız mümkün deyil?
Əgər dəri elastikliyini ciddi şəkildə itiribsə, təkcə həcm bərpası kifayət etmir. Bu halda liftinq tələb olunur. Müasir üsullar, o cümlədən “weekend plastika” deyilən texnikalar yalnız dərini deyil, üzün dərin strukturlarını da əhatə edir və süni dartılmış görünüşün qarşısını alır. Liftinq ilə lipofillinqin birlikdə tətbiqi ən təbii və uzunmüddətli nəticə verir.
Əgər pasiyent əməliyyata hazır deyilsə və ya əks göstərişlər varsa, daha az invaziv alternativlər də mövcuddur: inyeksion fillerlər, aparat üsulları (RF, ultrasəs və s.). Bunlar tam cərrahi liftinqi əvəz etməsə də, dərinin vəziyyətini yaxşılaşdırmağa və əməliyyatı gecikdirməyə kömək edir.