Bakıda atalığını öldürən  yeniyetməyə HÖKM OXUNDU
10 fevral 2026 13:25 (UTC +04:00)

Bakıda atalığını öldürən yeniyetməyə HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qeyri-rəsmi nikahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Y.Q. ya hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən məhkəmə əvvəlcə şahid ifadələri ilə davam edib.

Şahid S.P. təqsirləndirilən Y.Q-nın xalası olduğunu bildirib:

"Bacımla qonşuyuq. Hadisə günü tezdən Y. bizə qonaq gəldi. Ona yemək, çay verdim, uşaqlarımla birlikdə yedilər. Axşam növbəyə gedəcəkdim, Y-ə dedim ki, evlərinə getsin. İşə təzə çatmışdım, Y. görüntülü zəng etdi ki, Emil içib anamı döyür. Telefonda bacımın harayı, ağlamaq səsi gəlirdi. Qışqırdım ki, Emil, bacımı burax, ondan nə istəyirsən? Y. ikinci dəfə zəng elədi ki, xala, dözə bilmirəm, anama işgəncə verir. Üçüncü dəfə zəng edəndə dedi ki, xala əlimdən xata çıxdı, Emili vurdum".

Şahid A.Ç. Y-nın dayısının yoldaşı olduğunu, həmin gün Y-nın onlarda olduğunu bildirib:

"Y. deyirdi ki, Emil anam evdə olmayanda məni döyür, pis-pis sözlər danışır ki, mən sənin ananla bir yerdə yaşayıram, sənin qeyrətin buna necə dözür?. Hadisə günü də ağlaya-ağlaya zəng elədi ki, Emil mənim əlimi qana batırdı, vurmuşam onu".

Şahid S.S. təqsirləndirilən Y.Q. ilə qapı qonşusu olduğunu bildirib:

"Biz hasar qonşusu olmuşuq. Emil həmişə söyüş söyürdü, dava salırdı. Bununla bağlı neçə dəfə Emillə danışıb hərəkətlərinə son qoyub özünü yığışdırmasını demişdim. Təhminə xanıma da demişdim ki, bacım, bu adam sənə layiq deyil".

Y.Q-nın qanuni nümayəndəsi T.A. həmin günü işdən evə qayıtdığını deyib:

"Mən toyuq sexində işləyirəm. İşdən gəlib yemək hazırlamağa başladım. Emilə də 5 manat verdim ki, səhər işə gedəcəksən, cibində yolpulun olsun. Bu gedib o pula içki aldı. İçən kimi də başladı ən pis söyüşlərlə oğlumu, məni söyməyə. Bu söyüşlərə heç doğma oğul da dözməzdi. Oğlum Y. keçdi mətbəxə. Bir də gördüm əlində bıçaqla qayıdıb Emili vurdu. Dəhşətə gəldim, ağlaya-ağlaya dedim ki, ay bala, sən neylədin? Tez bıçağı əlindən alıb atdım. Emil artıq ölmüşdü. "102"-yə zəng etdim ki, oğlum atalığını öldürüb".

Dövlət ittihamçısı çıxış edib və Y.Q.-nın 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi Y.Q.-nın 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nikahda yaşadığı qadının 16 yaşlı oğlu yərəfindən bıçaqlanaraq qətlə yetirilib. Azyaşlı Y.Q. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar