Bakıda 50 manat üstündə QƏTL:  "söhbət"ə çağırdığı qardaşını öldürdülər - TƏFƏRRÜAT
16 fevral 2026 20:15 (UTC +04:00)

Bakıda 50 manat üstündə QƏTL: "söhbət"ə çağırdığı qardaşını öldürdülər - TƏFƏRRÜAT

0

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il iyunun 25-də Bakının Qaradağ rayonu ərazisində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Lökbatan yolu, “Cənub Qapısı” yaşayış kompleksində, 24 nömrəli binanın qarşısında baş verib.
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1997-ci il təvəllüdlü Həsən Hudulovun ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma səbəb olub. 
 
Cinayəti törədən Rauf Salayev 2000-ci ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə məhkum olunub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyunun 24-də Rauf Salayev qonşusu Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilən 50 manat pulu xərcləyib. Saat 23 radələrində yaşadığı kompleksinin həyətində, bərbərxananın qarşısında Qoşqar ondan pulu qaytarmasını xahiş edib.

Aralarında yaranmış mübahisə zamanı Rauf söyərək qonşusuna qarşı qərəzli xuliqanlıq hərəkətləri edib. Bu zaman həyətdə olan Ömər Hudulov mübahisəyə müdaxilə edib, tərəfləri sakitləşdirməyə cəhd edəndə, Rauf həmin şəxsin ünvanına da nalayiq ifadələr işlədib.

Buna görə Ömər zəng vurub, qardaşı Həsəni ora çağırıb. Supermarketin yanında Rauf Salayev Həsən Hudulovun sinəsinə bıçaqla bir dəfə zərbə vurub. Nəticədə Həsən Hudulov ölüb.

İş üzrə dindirilmiş Rauf Salayev bildirib ki, işdə olanda Qoşqar Qarazadə zəng edərək onun kartına köçürülən məbləği ona verməsini xahiş edib. Toya getməli olduğundan qonşusuna 50 manat pulunu sonra verəcəyini söyləyəndə, aralarında mübahisə yaranıb:

“Axşam məhəlləyə qayıdanda, Qoşqara həmin məbləği toya yazdırdığımı dedim, amma tanışım buna narazılığını bildirdi. Qoşqarı yerə yıxıb vurarkən, Ömər yaxınlaşıb bizi aralamağa çalışdı. Bu səbəbdən onunla da mübahisə etməyə başladım. Öməri söyməmişəm. Evə gedib paltarımı dəyişəndən sonra su və siqaret almaq üçün həyətə düşdüm. Həsən qardaşını niyə vurduğumu soruşaraq məni söydü və sonra marketə girdi. Bir neçə dəqiqədən sonra ordan çıxıb yenidən mənə yaxınlaşdı. Narazılığı olub-olmadığını soruşdum. Həsənin əlini belinə atıb bıçaq çıxartdığını görəndə, cəld aləti əlindən aldım. Həsən söyüş söyərək üstümə gəldi. Qorxutmaq məqsədi ilə ona zərbə endirdim və qəbiristanlığa tərəf qaçdım. Polis əməkdaşları tərəfindən orda saxlanıldım”.

Rauf Salayev
 
Məhkəmə iclasında Rauf Salayev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, əməlindən peşmandır. Valideyinləri barışıq üçün müraciət etsələr də, qarşı tərəf bunu qəbul etməyib. İstintaqda verdiyi ifadəsini təsdiq edib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Xatirə Həbibova ifadəsində göstərib ki, iyunun 24-də axşam işdən gələndə oğlu Həsən evdə olub:

“Saat 23 radələrində mənə dedi ki, çölə çıxıram, birazdan gələcəm. Yatarkən qapının döyüldüyünü eşitdim. Qapını açanda böyük oğlumu və yanında tanımadığım adamı gördüm. Ömər Həsənin bıçaqlandığını dedi. Hadisə yerinə gələndə, Həsənin yaralanmış halda yerdə uzandığını gördüm. Rauf Salayev yalan danışır, Həsənin üzərində bıçaq olmayıb. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edirəm”.
 
Zərərçəkmiş Qoşqar Qarazadə ifadəsində göstərib ki, Rauf Salayevlə aralarında borc zəminində mübahisə baş versə də, kənardan heç kim müdaxilə etməyib:

“Nə Rauf məni, nə də mən Raufu vurmamışam. Ölüm hadisəsinin bizim mübahisəmizə aidiyyəti yoxdur. Rauf Salayevə qarşı şikayətim yoxdur”.

Həsənin meyiti

Amma şahidin ibtidai istintaqda fərqli ifadə verməsi məlum olub. Elan olunmuş ifadəyə əsasən, Qoşqar bildirib ki, iyunun 24-də Raufa zəng edərək, kartına 50 manat pul atılacağını, həmin məbləği məhəlləyə gələndə, görüşüb ona verməsini deyib:

“Həyətdə bununla əlaqədar mübahisə edərkən, Rauf fənd işlədərək məni yerə yıxdı və yumruqla zərbələr vurmağa başladı. Bu vaxt Ömər, bərbər və tanımadığım bir şəxs yaxınlaşaraq bizi ayırdılar. Eşitdiyimə görə, Rauf mübahisəmizə müdaxilə etdiyi üçün Ömərə əsəbiləşib və onu təhqir edib. Ömər də onu cəzalandırmaq üçün qardaşı Həsəni çağırıb”.

Həsən Hudulov
 
Şahid Ömər Hudulov bildirib ki, Raufa Qoşqarın fiziki cəhətdən zəif olduğunu və onun düzgün hərəkət etmədiyini deyib:

“Marketdən bıçaq alıb, çölə çıxanda qardaşım Həsən buna ehtiyac olmadığını bildirərək aləti onun əlindən aldı. Həsən Raufun üzünə 1-2 dəfə yumruqla zərbə vurandan sonra, Salayev belindən çıxardığı bıçaqla qardaşıma xəsarət yetirdi. Həmin bıçaq Raufa məxsus idi”.


 
Şahid İntiqam Salayev ifadəsində göstərib ki, oğlu Rauf axşam evə gəldikdən yarım saat sonra həyətə düşüb:

“Eyvanda siqaret çəkərkən, səs-küy eşitdim. Hadisənin səbəbini soruşanda, Rauf qarşı tərəfin ona bıçaqla hücum etdiyini bildirdi. Həyətə düşəndə oğlumun üzərində bıçaq görmədim. Təcili Yardıma və 102 vidmətinə özüm zəng edib məlumat verdim”.
 
Məhkəmə qənaətə gəlib ki, Rauf Salayevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilib. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rauf Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar