İspaniya millisinin müdafiəçisi Xesus Navas Dünya Kubokunu, Avropa Çempionatını və Millətlər Liqasını qazanan ilk futbolçu olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu iyunun 18-də İspaniya millisinin Xorvatiya yığmasını məğlub etdiyi Millətlər Liqasının finalından sonra tarixə düşüb.
Qeyd edək ki, əsas və əlavə vaxtda millilər qol vurmaqla fərqlənə bilməyiblər.
Penaltilər seriyasında ispanlar rəqibinə 5:4 hesabı ilə qalib gəlib. Qələbəni müdafiəçi Dani Karvahalın dəqiq zərbəsi qazandırıb.
Beləliklə, Luis de la Fuentenin yetirmələri ilk dəfə Millətlər Liqasının kubokunu qazanıblar. Turnirin əvvəlki qalibləri Portuqaliya (2019) və Fransa (2021) milli komandaları olub.
37 yaşlı Navas həm də 2010-cu il dünya çempionatı və 2012-ci il Avropa çempionatının qalibidir.