“Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- Sabiq komandanız “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə qarşılaşacaq. Püşkatmanı necə dəyərləndirirsiniz?
- “Qarabağ” ortabab da yox, Fransanın ən güclü komandalarından biri düşdü. Düzdür, biz fransızlara qarşı oynamışıq, hətta mərhələ də keçmişik. Əlbəttə ki, çətin olacaq. Sadəcə, “Qarabağ”ın Azərbaycanın ən yaxşı komandası olması ümid verir. “Bazel”lə İsveçrədəki son oyun da təmsilçimizin gücünü göstərdi. Erkən qolumuzu saysaydılar, tam fərqli mübarizə gedəcəkdi. Belədə “Bazel” məcburiyyətdən hücuma atılacaqdı, “Qarabağ” da əks-hücumlardan rəqibi cəzalandıracaqdı. Hakim səhvi ucbatından hər şey tam əksinə getdi.
- “Qarabağ”ın əleyhinə hakim səhvinin “Marsel” önündə də təkrarlanmayacağına kim zəmanət verə bilər?
- Buna heç kim zəmanət verə bilməz. Tarix boyu avrokuboklarda reytinqi yüksək olan komandalara hakimlərin simpatiyası olub. İllərdir bu, belə davam edir. İstər keçmişdə “İnter”, istərsə də son olaraq “Bazel”lə matçda, bəlkə də, “Qarabağ”ın sırf adına görə qərəzli qərar verildi. Avrokuboklarda haqsızlıqlarla çox üzləşmişik. Heç kim deyə bilməz ki, “Marsel”lə oyunda da hakim səhvi olmayacaq. Bilmirəm, UEFA-nın hakimlərə göstərişi belədir. Fakt odur ki, reytinqi yüksək komandalara həmişə kömək ediblər.
- Marsel ermənilərin çoxluq təşkil etdiyi şəhərdir. Düşünmürsünüz ki, Fransadakı oyun zamanı hər hansı bir təxribatın olmaması üçün UEFA indidən qarşı tərəfə xəbərdarlıq etməlidir?
- Bunu fransızlar fikirləşməlidir. UEFA təxribatın qarşısının alınması üçün nəsə edə bilməz. Sadəcə, xəbərdarlıq etməlidir ki, təxribata yol veriləcəyi təqdirdə, bunun cəzası da ağır olacaq. Onsuz da, Fransanın hər tərəfində erməni çoxdur.
- “Qəbələ”nin heyətində “Lill”ə qarşı kapitan kimi meydana çıxmısınız. Fransada onların çılğın azarkeşləri önündə oynamaq əlavə psixoloji hazırlıq tələb etmir?
- Əslində, elə də təhlükəli deyil. “Qarabağ” “Sent-Etyenn”lə də üz-üzə gəlib. Ən riskli oyunlar Kipr komandalarına qarşıdır. Onlarla qarşılaşmaq daha təhlükəlidir. Fransa Avropanın mərkəzindədir ki, təhlükənin qarşısını vaxtında ala bilirlər. Çünki bir şey olsa, bunun cəzasını özlərinin çəkəcəyini yaxşı bilirlər. “Marsel”lə görüşdə də nəsə xoşagəlməz hadisə yaşanacağına inanmıram.
- “Qarabağı”ın mərhələ adlamaq şansının az olması fikrinə münasibətiniz necədir?
- “Qarabağ”ın şansı yoxdur” deyənlərlə razılaşmıram. Futbolçular digər matçlardakı kimi, meydana özünəinamlı şəkildə çıxsalar, güvənsələr, şansları olacaq.
- “Marsel” Fransa çempionatında da medallar uğrunda mübarizə aparır və əsas məqsədi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Buna görə Konfrans Liqasına barmaqarası yanaşa bilər. Bu amil “Qarabağ”ın xeyrinə işləyə bilərmi?
- Klubun turnirə yanaşmasına baxır. Bütün komandalar ölkə çempionatında ona görə mübarizə aparır ki, avrokuboklara vəsiqə qazansın. “Marsel” Konfrans Liqasını qazansa, Avropa Liqasına vəsiqəni təmin edəcək. Bu da ən qısa yoldur. Əllərinə düşən bu fürsəti boşa verib, bütün diqqətlərini Fransa çempionatına yönəldəcəklərinə inanmıram. Məncə, onlar Konfrans Liqasında da bütün güclərini ortaya qoyacaqlar.