Ağsuda iki yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
FHN-in “112” qaynar telefon xəttinə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 43 yaşlı İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.