Lent.az APA-nın Qubadlıdan olan reportajını tqədim edir.
Yolumuz Qubadlıyadır…
APA komandası olaraq bu bizim ilk səfərimiz deyil. Heç sonuncu da olmayacaq. Mövsümdən asılı olmayaraq, qarlı dağların ətəyində uzanan yaşıl yamacları ilə Qubadlını təbiətin səxavətlə açdığı bir ovuc kimi təsəvvür etmək olar. Bu torpaq sanki illərlə sükuta bürünüb, indi isə yenidən həyatın səsinə qulaq kəsilib.
İşğalın izləri və dağıdılmış yaddaş
İllər əvvəl – Birinci Qarabağ müharibəsi zamanı işğal bu ərazilərdə də ocaqları söndürüb, daş üstə daş qoymamışdı. İlk səfərlərimizdə gördüyümüz dağıntılar yalnız fiziki məkanın deyil, həm də yaddaşın uçulmuş divarları idi. Sanki hər xarabalıq öz bünövrəsini itirmiş bir xatirə kimi susaraq danışırdı. Digər işğal olunmuş rayonlarımız kimi, Qubadlı da sistemli şəkildə dağıdılmış, infrastrukturu tamamilə sıradan çıxarılmışdı.

Qubadlıda yeni mərhələ: dirçəliş başlanır
Qubadlı yenidən dirçəlir – öz əzəmətinə qayıdır…
Budəfəki səfərimiz isə bizi tamam fərqli mənzərə ilə qarşılayır. Dağılmış, nahamar yolların yerini artıq müasir standartlara uyğun salınmış, yüksək daşıma qabiliyyətinə malik magistral yollar əvəzləyib. Bu yollar təkcə nəqliyyat arteriyası deyil, həm də iqtisadi və sosial həyatın əsas daşıyıcı xəttidir.

Tikinti sahələrində intensiv fəaliyyət
Hərəkət etdikcə yolboyu ağır texnikanın – ekskavatorların, buldozerlərin, betonqarışdırıcıların fasiləsiz fəaliyyəti diqqət çəkir. Torpaq işlərindən tutmuş bünövrə qazıntısına, monolit karkasların qurulmasına qədər bütün mərhələlər paralel şəkildə icra olunur. Bu isə bərpa prosesinin yüksək tempdə və düzgün layihələndirmə əsasında aparıldığını göstərir.
Zilanlı kəndi: müasir yaşayış modeli

Bizi ilk olaraq Zilanlı kəndi qarşılayır. Burada inşa edilən fərdi yaşayış evləri müasir memarlıq üslubu ilə seçilir. Dam örtüklərində quraşdırılmış günəş panelləri alternativ enerji həllərinin tətbiq olunduğunu göstərir. Sanki bu evlər yalnız bu günün deyil, gələcəyin də ehtiyacları nəzərə alınaraq layihələndirilib.
Mahruzlu kəndində sinxron tikinti prosesi
Ardınca isə Mahruzlu kəndi görünür. Burada aparılan tikinti-quruculuq işləri sinxron şəkildə həyata keçirilir. Sahədə aparılan iş bölgüsü, texniki nəzarət və layihə üzrə icra ardıcıllığı yaz mövsümündə arı ailəsinin ahəngini xatırladır – hər kəs öz funksiyasını dəqiq yerinə yetirir.
Gənc mütəxəssislərin rolu və məsuliyyəti
Xüsusilə gənc mühəndis və inşaatçıların fəaliyyəti diqqət çəkir. Onlar tikinti sahəsini yalnız iş yeri kimi deyil, sanki bir missiya kimi qəbul edirlər. Bünövrədən dam örtüyünə qədər hər detal ölçülüb-biçilir, normativ tələblərə uyğun icra olunur.

Rəsmi açıqlama: tikinti işlərinin gedişi
Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Bərpa-Tikinti İdarəetmə Xidmətinin icraçı direktoru Növrəst Cəfərov bildirir ki, Zilanlı və Mahruzlu kəndlərinin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, tikinti işləri plana uyğun şəkildə yekunlaşmaq üzrədir: “Əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək məqsədilə Zilanlı kəndində ilk mərhələ üçün 44 hektar torpaq sahəsi ayrılıb. Hazırda hər birində 12 sot həyətyanı sahəsi olan 193 fərdi yaşayış evi ilə yanaşı, 264 şagird yerlik orta məktəbin, 80 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, həmçinin müxtəlif qeyri-yaşayış binalarının tikinti işləri yekunlaşmaq üzrədir”.
Mahruzlu kəndində yaşayış və sosial infrastruktur
Sakinlərinin köçünə hazırlaşan kəndlərdən biri də Mahruzludur. Kəndin ümumi planına uyğun olaraq ayrılmış 197 hektar ərazinin 40,27 hektarında birinci mərhələ üzrə işlər aparılır. Burada 190 fərdi yaşayış evinin tikintisi davam edir. Eyni zamanda, sosial infrastruktur obyektlərinin – məktəb, uşaq bağçası və digər xidmət sahələrinin inşası paralel şəkildə həyata keçirilir.

Mühəndis-kommunikasiya sistemlərinin qurulması
Həmsöhbətimiz əlavə edir ki, hər iki kənddə mühəndis-kommunikasiya xətləri, drenaj sistemləri və yağış-sel sularının idarə olunması üçün xüsusi mühafizə qurğuları da nəzərdə tutulub.
Qubadlıda genişmiqyaslı infrastruktur layihələri
Qubadlıda aparılan bərpa işləri yalnız yaşayış evləri və sosial obyektlərlə məhdudlaşmır. Rayon ərazisində genişmiqyaslı infrastruktur layihələri də paralel şəkildə icra olunur. Müasir standartlara uyğun avtomobil yollarının çəkilişi, daxili küçə-yol şəbəkəsinin qurulması, elektrik enerjisi xətlərinin və yarımstansiyaların inşası, eləcə də içməli su və kanalizasiya sistemlərinin yaradılması istiqamətində kompleks işlər görülür. Artıq bir sıra ərazilərdə bu mühəndis-kommunikasiya xətləri formalaşdırılıb və yeni salınan yollar yaşayış məntəqələrini bir-biri ilə əlaqələndirən əsas xəttə çevrilir.

Böyük Qayıdışın reallığa çevrilməsi
Böyük Qayıdışın addım səsləri artıq bu torpaqlarda eşidilir. Vaxtilə məcburi köçkün düşmüş qubadlıların doğma yurda qayıdışına çox az vaxt qalıb. Hər tikilən ev, hər qoyulan bünövrə sanki yarımçıq qalmış talelərin yenidən qurulmasının simvoluna çevrilir.
Şəxsi hekayələr: doğma torpağa dönüş
Ərazidə çalışan gənc mühəndislərlə də həmsöhbət oluruq. Onlardan biri bildirir ki, özü əslən Qubadlıdan olsa da, Sumqayıtda məcburi köçkün ailəsində doğulub. Bu gün isə doğma torpağının bərpasında iştirak etməyi həyatının ən böyük qüruru hesab edir.

Yeni layihələr və şəhərsalma planları
Qubadlıda aparılan bərpa işləri yalnız bu kəndlərlə məhdudlaşmır. Rayon üzrə daha bir neçə iri həcmli layihənin icrası planlaşdırılır.
Növrəst Cəfərovun sözlərinə görə, Qubadlı şəhərinin I yaşayış kompleksinin layihələndirilməsi artıq başa çatıb və yaxın vaxtlarda tikintiyə başlanılacaq:
“Şəhərin baş planına uyğun olaraq ilkin mərhələdə 192 mənzildən ibarət 6 ədəd dördmərtəbəli yaşayış kompleksinin inşasını nəzərdə tuturuq. Eyni zamanda, Xanlıq kəndinin layihələndirilməsi də yekunlaşıb və burada tikinti işlərinə tezliklə başlanılacaq”.

Gələcəyə doğru addımlar
Bəli, bu gün Qubadlı yenidən layihələndirilir, yenidən qurulur, yenidən yaşayır. Bu torpaqlarda hər bünövrə gələcəyə atılan addım, hər tikili isə qayıdışın real təsdiqidir. Çox keçməyəcək ki, bu ərazilərdə ağır texnikanın səsi yerini məktəbə tələsən uşaqların gülüşünə verəcək.
Bu isə gələcəyin etibarlı əllərdə olduğunu göstərir.