Argentinalı hücumçu Lionel Messi PSJ-ni tərk etməzdən əvvəl hücumçu Kilian Mbappeyə məsləhətlər verib.
Lent.az bildirir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
“Mən “Barselona”ya getməyini məsləhət görərdim, amma “Real”a getmək istəyirsənsə, o zaman bunu et, həqiqətən yaxşı bir layihəyə layiqsən. Sən qalibsən", - argentinalı deyib.
İyunun 7-də Messi Amerikanın klubu “İnter Mayami”yə keçdiyini elan edib. Üç illik müqavilənin rəsmi olaraq iyulun 1-də imzalanması gözlənilir. Bundan əvvəl o, iki il PSJ-də oynayıb, daha əvvəl isə karyerası boyu “Barselona”da çıxış edib.
Mbappe 2018-ci ildən parislilərin heyətində çıxış edir. Hücumçunun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub. 2022-ci ilin yazında o, “Real” oyunçusu ola bilərdi, lakin PSJ ilə müqaviləsini uzadıb.