Argentina millisinin kapitanı Lionel Messi 2022-ci il futbol üzrə dünya çempionatının qalibi olması şərəfinə komanda yoldaşlarına hədiyyələr vermək qərarına gəlib.
Lent.az-ın xarici mediaya istinadən bildirdiyinə görə, hücumçu futbolçulara, eləcə də komandanın heyətinə 24 karatlıq qızıldan hazırlanmış korpuslu 35 iPhone hədiyyə edəcək. Smartfonların ümumi dəyəri 175 min funt-sterlinqdir. Onların üzərində idmançıların adları, oyun nömrələri və Argentina Futbol Assosiasiyasının loqosunun həkk olunduğu qeyd edilir.
Fevralın 28-də Beynəlxalq Futbol Federasiyası Messini 2022-ci ilin ən yaxşı futbolçusu kimi tanıyıb. İlin qapıçısı daha bir argentinalı olub - Emiliano Martinez. Ən yaxşı məşqçi adı dünya çempionlarının baş məşqçisi Lionel Skaloniyə verilib.
Qətərdə keçirilən dünya çempionatının finalında Argentina millisi Fransanı məğlub edərək tarixdə üçüncü dəfə kuboka sahib çıxıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub - 4:2.