İngiltərənin "Mançester Siti" klubunun sahibi Şeyx Mansurun Rusiya biznesmenləri ilə əməkdaşlığı ifşa edilib. Mansur Rusiyaya qarşı hələlik heç bir sanksiya tətbiq etməyən Birləşmiş Ərəb Əmirliklərinin hesablarına pul köçürmələrini asanlaşdırır.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu “Bloomberg”in araşdırması sübut edir.
Qeyd olunur ki, Rusiyanın yüksək rütbəli dövlət məmurları, iş adamları və maliyyə liderləri Birləşmiş Ərəb Əmirlikləri hökumət proseslərinin idarə olunmasında kömək üçün Şeyx Mansur və onun ofisinə getdikcə daha çox müraciət edirlər. Onların bəziləri Dubayda penthaus və lüks avtomobillər alır, ya da bank hesabları və maliyyə firmaları açır.
Şeyx Mansurun başçılıq etdiyi Prezident İşləri Nazirliyi Ukraynada müharibə başlayandan sonra onlara əhəmiyyətli köməklik göstərib. Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri Şeyx Mansurun səylərini hökumətin qlobal biznesi cəlb etmək və Şərq və Qərblə strateji əlaqələri saxlamaq üçün daha geniş strategiyasının bir hissəsi kimi hesab edirlər.
Şeyx Mansur Məhəmməd bin Zayidin Rusiyaya qarşı siyasətində çox mühüm rol oynayır. “Mançester Siti”nin sahibi hətta 2019-cu ildə Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri hökmdarının Rusiya prezidenti Vladimir Putinlə görüşünə də qatılıb.