"Milan"ın və Braziliya millisinin sabiq müdafiəçisi Kafu San-Pauludakı villasını satışa çıxarıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 53 yaşlı Kafunun banklara və kreditorlara təxminən 3,3 milyon avro borcu var. İkiqat dünya çempionunun borclarını ödəmək üçün məhkəmə onun 7,4 milyon avro dəyərində olan dəbdəbəli villasını satışa çıxarıb. Əgər əmlak bazar qiymətinə satılmasa, onun dəyəri iki dəfə azalacaq.
Kafunun dördmərtəbəli villasının sahəsi 2,5 min kvadratmetrdən çoxdur. Buraya altı suit, futbol meydançası, oyun otağı, kinoteatr otağı, kubok otağı, sauna və lift daxildir.
Qeyd olunur ki, Kafu vəkilləri vasitəsilə məhkəmənin qərarından apellyasiya şikayəti verməyə çalışsa da, villanın satışının qarşısını ala bilməyib. Satışın başlanması aprelin 4-nə planlaşdırılır.
Kafu iki dəfə dünya çempionu olduğu (1994, 2002) Braziliya millisində keçirdiyi oyunların sayına görə liderdir (142). Klub səviyyəsində braziliyalı Çempionlar Liqasını (2007) qazandığı "Roma" və "Milan"dakı çıxışları ilə tanınır. Kafu 2008-ci ildə karyerasına son verib.