Ötən mövsümün uğrsuzluğu “Mançester Yunayted”in futbolçularına baha başa gələcək.
Lent.az xarici mediaya istinadla xatırladır ki, klub İngiltərə Premyer Liqasında altıncı yeri tutub və beləliklə, növbəti Çempionlar Liqasında oynamayacaq. Bu səbəbdən mankunianlılar külli miqdarda pul itirəcək və futbolçularına yüksək maaş verə bilməyəcəklər.
Məlumata görə, futbolçular gələn mövsüm maaşlarının 25 faizini ala bilməyəcəklər. Beləliklə, məsələn, Kriştiano Ronaldo həftədə 385 min funt-sterlinq əvəzinə təxminən 288 min qazanacaq - 37 yaşlı futbolçunun son illərdə aldığı ən aşağı maaş olacaq.
Kriştiano İngiltərəyə qayıdana qədər, “Yuventus”da oynayanda həftədə 500 min qazanırdı.
Klubda ikinci yüksək maaş isə qapıçı David De Xeanındır. Ancaq növbəti mövsümdə maaşı həftədə 375 mindən təxminən 281 minə enəcək.
Eyni zamanda, məbləğlərin təxmini olduğunu və klubla müqavilələrdən asılı olaraq dəyişə biləcəyini bildirir.
Qeyd edək ki, oxşar vəziyyət 2018-19 mövsümünün sonunda da yaranmışdı. O zaman “qırmızı şeytanlar” Premyer Liqada altıncı yeri tutaraq yalnız Avropa Liqasına vəsiqə qazanmışdı. Bununla belə, “Mançester Yunayted” növbəti mövsümü üçüncü pillədə başa vurmuşdu və beləliklə, Çempionlar Liqasına qayıtmışdı və bu, maaşların yenidən artmasına imkan vermişdi.