Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez Qətərdə keçirilən dünya çempionatının finalında mükafatlandırma mərasimi zamanı etdiyi hərəkətdən danışıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, qapıçı sözügedən hərəkətindən peşman olduğunu dilə gətirib:
“Bu axmaqlıq idi. Uşaqlarla bunu etdik, amma fəxr etmədiyim yeganə şey budur.
Təbii ki, Argentinada oynamağa davam etmək və daha çox şeyə nail olmaq istəyirəm. Dünya çempionu olanda oynamaq ən çətin şeydir, çünki hamı çempionu məğlub etmək istəyir.
İllərdir heç nə qazana bilməyən Aston Villa ilə kubok almaq istəyirəm. Artıq milli ilə hər şeyi qazanmışam. İndi mən bu qalibiyyətləri klubda etməliyəm”.
Xatırladaq ki, Martinez Qətər-2022 Dünya Çempionatının ən yaxşı qapıçısı kimi tanınıb. Onun təqdimat zamanı kuboku qasıq nahiyəsinə qoyması efirə düşüb və cəmiyyətdə qızğın müzakirə olunub.
Dünya Kuboku başa çatdıqdan sonra o, komandasının qələbəsini şövqlə qeyd etməyə davam edib. Belə ki, soyunub-geyinmə otağında o, Kilian Mbappenin şərəfinə “sükut dəqiqəsi” təşkil etməyi təklif edib. Daha sonra evdə keçirilən bayram zamanı o, fransız hücumçunun üzü olan körpə kukla ilə gəzib.
_1677157903.jpg)