Mənimsəmədə ittiham olunan həkimlərə BƏRAƏT VERİLDİ
02 aprel 2026 18:48 (UTC +04:00)

Mənimsəmədə ittiham olunan həkimlərə BƏRAƏT VERİLDİ

0

İsrafetmədə təqsirləndirilən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin həkimləri- Elçin Qurbanov, Natiq Şükürov, Səfər Bayandurov, Vasif İsmayılov və Aygün Nağıyevanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, sözügedən şəxslərin cinayət işində təqsiri sübuta yetirilmədiyi üçün onlara bəraət verilib.

Qeyd edək ki, Füzuli Rayon Prokurorluğunda “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə baş verdiyinə əsaslı şübhələr müəyyən edilən israfetmə halları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan hüquqi şəxsin tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən PHŞ-yə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri - Elçin Qurbanov, Natiq Şükürov, Səfər Bayandurov, Vasif İsmayılov və Aygün Nağıyeva tərəfindən 2020-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin mart ayınadək olan dövr ərzində işçilərə qanunla nəzərdə tutulandan artıq əmək haqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansda olan nəqliyyat vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. İttihama görə, onlar ayrılmış vəsaitdən 310 min manatı israf ediblər. İbtidai istintaq zamanı onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı zamanı qətimkan tədbiri dəyişdirilməyib.

Təqsirləndirilən Elçin Qurbanov, Natiq Şükürov, Səfər Bayandurov və Vasif İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), Aygün Nağıyeva barəsində isə həmin məcəllənin 179.2.1-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 179.2.2 - ci (təkrar törədildikdə) , 179.2.3 - cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar