Cəlilabadda karantin qaydalarını pozan idman zalından satışı qadağan olunmuş dərman həbləri aşkarlanıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb. Orada məşq etməklə karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.
Bundan əlavə, həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən şəhər sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredən maddələr olan və satışı qadağan olunmuş konvalyut və qutularda ümumilikdə 3750 ədəd dərman həbi aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.