428 minlik dələduzluq edən bağça müdirinin İŞİ: "Nə əhəmiyyəti var, qaytaracaq ki?"
04 fevral 2026 17:44 (UTC +04:00)

428 minlik dələduzluq edən bağça müdirinin İŞİ: "Nə əhəmiyyəti var, qaytaracaq ki?"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Ə.N. bağçada müəllimə işləmək üçün H.Rüstəmovaya müraciət etdiyini bildirib:

"Havvaxanım bunun üçün məndən 4000 manat pul istədi. Aprel ayında təcrübə üçün kurs keçdim, sonra işə qəbul edildim. Şikayətçi deyiləm. Nə əhəmiyyəti var, qaytaracaq ki?".

Şahid T.M. bacısının nümayəndəsi kimi məhkəmədə iştirak etdiyini bildirib:

"Havvaxanım bacımdan işə düzəlmək üçün 5000 istədi, 2000-ə gücümüz çatdı. Əmək müqaviləsi bağlamadı ki, pulu tam vermədiyinizə görə müqavilə də bağlanmır. Bacım bir neçə gün bağçaya gedib-gəldi. Bacımın ödənişini geri qaytarmadı, pulumuzu tələb edirik. Bacıma da dedim bu iş belə qalmaz. Bu cür quruluş dağılmalı idi, dağıldı da".

Növbəti proses 4 mart 17:00-a təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib. Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar