İndoneziyada timsah 13 yaşlı oğlanı dostlarının gözü qarşısında parçalayaraq öldürüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Kutai Kartaneqara rayonunda baş verib.
Məlumata əsasən, yeniyetmə futbol oynayarkən suya düşən topu götürmək üçün Mahakam River çayına girib. O, sahildən təxminən 12 metr uzaqlaşdıqdan sonra yırtıcı onun üzərinə hücum edib.
Oğlan kömək üçün qışqırsa da, bir neçə saniyə sonra timsah onu suyun altına çəkib.
Dostları təşviş içində kəndə qaçaraq hadisə barədə məlumat veriblər. Yeniyetmənin axtarışına xilasedicilər, polis və könüllülər cəlb olunub. Güclü axın və çayda çox sayda timsahın olması axtarış işlərini daha da çətinləşdirib.
Yeniyetmənin cəsədi yalnız axşam saatlarında tapılıb. O, çayın axını ilə aşağı doğru sürüklənib. Xilasedicilər bildiriblər ki, onun üzərində çoxsaylı xəsarətlər aşkarlanıb.