Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın! - Hava XƏBƏRDARLIĞI
04 aprel 2026 10:04 (UTC +04:00)

Elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın! - Hava XƏBƏRDARLIĞI

0

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel, həmçinin daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı, eləcə də arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Lent.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Nazirlikdən bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı, müvəqqəti tikililərdən, bina, eləcə də reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar