Maduro əməliyyatında  iştirak edən əsgərə İTTİHAM: mərcdən   pul udub
29 aprel 2026 12:24 (UTC +04:00)

Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: mərcdən pul udub

0

Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak edən ABŞ xüsusi təyinatlı qüvvələrinin əsgəri bu əməliyyatla bağlı məxfi məlumatlardan sui-istifadə edərək 400 000 dollardan çox qanunsuz qazanc əldə etməkdə ittiham olunur.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Fort Breqqdə xidmət edən 38 yaşlı hərbi qulluqçu Gennon Ken Van Dayk Nyu-Yorkda hakim Marqaret Qarnett qarşısına mülki geyimdə çıxıb. Bu, federal prokurorların ilk dəfə olaraq proqnoz bazarında edilən mərc ilə bağlı kiməsə ittiham irəli sürdüyü halıdır. Bu bazar insanların “bəli” və ya “xeyr” formasında müxtəlif hadisələrin nəticələrinə – idman oyunlarından tutmuş Teylor Sviftin toyuna və geosiyasi hadisələrə qədər – mərc etdiyi məşhur platformadır.

Van Daykın vəkili Mark Qeraqos ittiham irəli sürüldükdən sonra bildirib ki, “Cənab Van Dayk amerikalı qəhrəmandır”. Müdafiəçi qeyd edib ki, Van Dayka cinayət sayılmayan bir məsələ üzrə ittiham irəli sürülüb və bu ittihamların mahiyyətinə etiraz edəcəklər.

Van Daykdan pasportunu və odlu silahını təhvil vermək tələb olunub və o, 250 000 dollar girov müqabilində azadlığa buraxılıb. CNN-in məlumatına görə, o, iyunun 8-də yenidən məhkəməyə çıxmalıdır.

Digər vəkil Zak İntreyter hakimə bildirib ki, hərbçi hazırda məzuniyyətdədir. “Hazırda o, hələ də hərbi qulluqçudur”, – vəkil deyib.

Prokurorluq iddia edir ki, Van Dayk yanvarın 3-də səhər tezdən həyata keçirilən və misli görünməmiş hərbi əməliyyatda iştirak edib. Bu əməliyyat zamanı ABŞ əsgərləriKarakasdakı prezident sarayından Maduronu və onun həyat yoldaşını güclü atəş altında qaçırıblar.

Rəsmi orqanların bildirdiyinə görə, Van Dayk məxfi əməliyyat barədə biliklərindən istifadə edərək əvvəlki günlərdə və saatlarda mərc edib. Onun ABŞ-ın Venesuelaya müdaxiləsi, o cümlədən Maduronun yanvar ayının sonuna qədər ölkədən gedəcəyi ilə bağlı 32 000 dollar mərc etdiyi iddia olunur. Əməliyyat uğurla başa çatdıqdan sonra Van Daykın mərcdən qazancı 400 000 dollardan çox olub.

İddiaya görə, Van Dayk gözlənilmədən əldə etdiyi gəliri əvvəlcə xarici kriptovalyutaya köçürüb, daha sonra isə bu vəsaiti yeni açılmış onlayn broker hesabına transfer edib. Xəbərlərdə onun qeyri-adi dərəcədə uğurlu mərcindən bəhs edildikdən sonra, Van Dayk Polymarket platformasından hesabının silinməsini istəyib.

İttiham sənədinə görə, xüsusi təyinatlı əsgər əməliyyatdan dərhal sonra dənizdə gəmi göyərtəsinə bənzər bir məkanda, sübh çağı, ABŞ hərbi formasında və əlində avtomat silahla, ABŞ hərbi formasında olan daha üç nəfərin yanında dayanarkən çəkilmiş fotoda əks olunub.

Van Dayk cümə axşamı axşam saatlarında saxlanılıb və ona məxfi hökumət məlumatlarından şəxsi məqsədlər üçün qanunsuz istifadə, ictimaiyyətə açıqlanmayan dövlət məlumatlarının oğurlanması, əmtəə fırıldağı, elektron fırıldaqçılıq və qanunsuz maliyyə əməliyyatları aparmaq ittihamları irəli sürülüb. CNN-in məlumatına görə, o, cümə günü ilk dəfə Şimali Karolina ştatının federal məhkəməsi qarşısına çıxarılıb və 250 000 dollar girov qarşılığında azadlığa buraxılıb.

Maduro ilə bağlı mərc diqqət çəkən bir neçə şübhəli əməliyyatdan yalnız biridir. Qanunvericilər və media ABŞ–İran qarşıdurmasında mühüm hadisələrin elanından əvvəl baş vermiş neft fyuçersləri bazarındakı iri həcmli əməliyyatlara da diqqət yetiriblər.

Van Daykın saxlanılmasından sonra ABŞ prezidenti Donald Trump jurnalistlərin suallarını cavablandırarkən geosiyasi hadisələrə mərc etmə tendensiyasının artmasından narahat olduğunu bildirib və dünyanın kazinoya çevrildiyini deyib. O əlavə edib: “Hazırda düşünürəm ki, bu mənim xoşuma gəlmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar