Bu gün görkəmli satira ustası, şair Baba Pünhanın anım günüdür.
Lent.az "Bioqrafiya" rubrikasında şair haqqında məlumat verir.
- Baba Pünhan (Atababa Mədətzadə) nə vaxt və harada doğulub?
Baba Pünhan 5 noyabr 1948-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub.
- Baba Pünhanın təhsili və əmək fəaliyyəti necə başlayıb?
Baba Pünhan 1967-ci ildə Bakı Rabitə Texnikumunu bitirib. Elə həmin il Bakı Metropolitenində mexanik kimi işə başlayıb və ömrünün 25 ilini bu sahəyə həsr edib. Hətta "Qulp" verilişi ilə məşhurlaşdığı dövrlərdə belə metroda işləməyə davam edib.
-"Pünhan" təxəllüsünün maraqlı bir tarixçəsi varmı?
Məktəb illərində yazdığı qəzəllərə yoldaşları inanmayıb güldükləri üçün o, yazılarını gizlin davam etdirib. "Pünhan" (gizli) təxəllüsünü də elə o vaxtdan özü üçün seçib.

- Baba Pünhan yaradıcılığa hansı janrla başlayıb?
Baba Pünhan ilk qəzəlini 13-14 yaşlarında yazıb. Yaradıcılığa lirik qəzəllər, poemalar və məhəbbət ruhlu şeirlərlə başlasa da, sonradan satiraya yönəlib.
- Baba Pünhanın satirik şair kimi parlamasında kimin rolu olub?
Baba Pünhanın parlamasında Hacı Mailin böyük rolu olub. Baba Pünhanın satira istedadını görən Hacı Mail onu məhz bu sahəyə yönləndirib. 1990-cı illərin haqsızlıqlarına qarşı qələmini satiraya yönəldən Pünhan, lirikaya kəskin satirik ruh gətirib.
- Baba Pünhan xalq tərəfindən geniş şəkildə necə tanındı?
1998-ci ildə ANS kanalında yayımlanan "Qulp" verilişinə dəvət alması Baba Pünhanın həyatında dönüş nöqtəsi oldu. "Lirika" rubrikasında oxuduğu satirik qəzəllər onu milyonların sevimlisinə çevirdi.
- Qızı Cəmalə xanımın xatirələrində "Ata Baba Pünhan" necə biri idi?
Baba Pünhan çox fədakar, yaradıcı və övladlarını sevindirməyi sevən bir ata olub. Qızının xatirəsinə görə, o, qışda pəncərə şüşələrinə diş məcunu ilə rəsmlər çəkər, evdə sınıq şüşələrdən mozaikalar düzəldərmiş. Övladlarına heç vaxt əl qaldırmaz, bircə baxışı ilə səhvlərini başa salarmış.
- Baba pünhanın musiqi duyumu necə idi?
Musiqi təhsili almasa da, muğamları dərindən bilirdi. Evində tar, gitara, piano və nağara var idi; tez-tez gitara çalıb oxuyarmış. Alim Qasımov və Akif İslamzadə kimi sənətkarlarla yaxın dostluq edib.
_1730714248_1776418243.png)
- Baba Pünhanın bir vaxtlar bütün şeirlərini yandırması hadisəsi nə ilə bağlı idi?
SSRİ dövründə yazdığı qəzəlləri çap etmək istəyəndə ona "pambıqdan, neftdən yaz" deyilib. Senzura və çap olunmamaqdan bezən şair, bir bazar günü bütün əlyazmalarını həyətdə yandırıb. Qızı bu hadisəni ailə üçün böyük bir "faciə" kimi xatırlayır.
- Baba Pünhan şeirlərini necə yazırdı? Kitab oxumağı çox sevirdi?
Maraqlıdır ki, Baba Pünhan böyük mütaliə həvəskarı olmayıb. Bu, onda tamamilə "Allah vergisi" idi. Şeirləri bədahətən deməkdənsə, yazmağı daha çox üstün tuturdu. Hətta yaxınları onun təklikdə öz-özünə danışdığını, şeirlərini elə o cür "bişirdiyini" dəfələrlə müşahidə ediblər.
- Baba Pünhanın meyxanaya münasibəti necə idi?
Baba Pünhan Bakı kəndlərində doğulsa da, özü meyxana deməyib (deyişmələrə girməyib). Lakin meyxananı sevib və bədahətən söz demək qabiliyyətini yüksək qiymətləndirib. Məsələn, gənc meyxanaçı Rəşad Dağlının hələ 16 yaşında ikən istedadını görüb, onun "həqiqəti deyən" olduğunu vurğulamışdı.
- Baba Pünhanın səhhətindəki problemlər nə vaxt başlayıb?
Baba Pünhan 1991-ci ildə ağır infarkt keçirib. 2000-ci ildə Həcc ziyarətindən qayıtdıqdan sonra ürəyindən cərrahiyyə əməliyyatı olunub.

- Baba Pünhanın ömrünün son günləri necə keçib?
Baba Pünhan 2004-cü ilin aprelində yenidən ürək əməliyyatı keçirib. Evə döndükdən sonra qohumları ilə vaxt keçirib, uşaqlara hədiyyələr alıb. Lakin aprelin 8-i qəfil komaya düşüb.
- Baba Pünhan nə vaxt vəfat edib və harada dəfn olunub?
9 gün komada qaldıqdan sonra, 17 aprel 2004-cü ildə vəfat edib. Doğma kəndi Kürdəxanıda dəfn olunub.
- Ömrünün son dəqiqələrində həkimə nə deyib?
Komaya düşməmişdən dərhal əvvəl xəstəxanada həkim ona iynə vurmaq istəyəndə o, həkimin qolunu itələyib və "Rahat buraxın məni" deyib. Bu, onun həyatla sonuncu aşkar mübarizəsi və ya taleyi ilə barışması idi.