Azərbaycanın ekoloji problemləri: torpaq  su və yaşıllıq böhranı
17 aprel 2026 17:21 (UTC +04:00)

Azərbaycanın ekoloji problemləri: torpaq su və yaşıllıq böhranı

0

Son günlər təbiətə və ətraf mühitə münasibət bir daha müzakirə mövzusuna çevrilib. Xüsusilə ötən günlər Bakıda nadir dağ lalələrinin qoparılması cəmiyyətdə ciddi narazılıq doğurdu. Bununla yanaşı paytaxtdakı ekoloji problemlər də zaman-zaman müzakirəyə çıxarılır.  

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Lent.az-a açıqlamasında bildirib ki, bir çox ölkələrdə olduğu kimi bizdə də ekoloji problem mədəniyyət məsələsi ilə bağlıdır:

Qorxmaz İbrahimli: "Atəşfəşanlıqda istifadə olunan fişənglərdən ətraf  mühitə, atmosferə heç bir ziyan dəymir" Pravda.az

“Təəssüf ki, ətraf mühiti qorumaq, təbiətə  hörmət, könüllülüyün təbliği çox aşağı səviyyədədir. İnsanlar təbiətə öz evləri kimi baxmadıqları müddətdə bizim mədəniyyət problemi həllini tapmayacaq.

Bakı və Abşeron yarımadasının ətrafında vəhşi təbiətdən əsər-əlamət qalmayıb. Badamdarda və digər ərazilərdə kəklik, dovşan, tülkü kimi heyvanlar yox səviyyəsindədir. Əvvəllər Bakının yaxınlığında kəklik səsi eşidər, dovşan görərdik, amma indi onlar yoxdur. Bunun hamısı insanın hər şeyi mənimsəməsinə görə olur.

Ciddi şəkildə urbanizasiya problemi, şəhərsalmanın, daxili melorasiyasının düzgün qurulmaması Bakı və Abşeron yarımadasının həddindən çox yüklənməsinə səbəb olub. Əsas problemlər yaşıllıqlarla bağlıdır. Bakıda yaşıllıqlar çox azdır. Yarımsəhra ərazidə yalnız süni suvarma ilə yaşıllıqları artırmaq olar. Lakin şəhərin mərkəzindəki parklarda, meydanlarda ağacları artırmaq lazımdır. Ağaclar olmasa, ağciyərlərimiz çox əziyyət çəkəcək.

Şam ağacı ən yaxşı oksigen mənbələrindəndir, ürəyə çox faydası var. Lakin digər tərəfdən hər zaman yanğın çıxarma ehtimalı var. Bakı və Abşeronda daha çox zeytun ağacları əkilsə, yaxşı olar. O həm küləyə, həm də susuzluğa davamlıdır.

Paytaxtın problemlərindən biri yaşlı ağacların kəsilməməsidir. Çox vaxt külək əsəndə o ağaclar vətəndaşlara, onların avtomobillərinə zərər vurur. O ağaclara vaxtaşırı baxılmalıdır.

Ekoloqlara, təbiətlə işləyən adamlara diqqət ayrılmalıdır. Universitetdə ekoloqların yetişdirilməsinə önəm verilməlidir. Mən bu yaşımda hələ də könüllüyəm və bununla da fəxr edirəm. Hər yerə torba ilə gedib, zibilləri yığıb, dəniz sahillərinə atılmış tullantıları təmizləyirəm. Bu addımı hər kəsə aşılamaq lazımdır.

Azərbaycan əhalisinin yarısı Bakı şəhəri və Abşeron yarımadasında yaşayır. O insanların həyat tərzi, sağlamlığı çox önəmlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanların şüuruna təsir etməklə təbiəti, ətraf mühiti və ekologiyanı qorumağı təbliğ etməlidir.

Uşaqlıqdan bəri ağac əkib. ətraf mühiti bacardığım qədər təmizləmişəm. Ümid edirəm ki, digər vətəndaşlarımız da belə olar. Bunu bağçadan, ibtidai sinifdən aşılamaq lazımdır ki, insanlar ətraf mühitə qarşı diqqətli yanaşsınlar”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, ailədə və məktəbdə uşaqlara ətraf mühiti qorumaq təbliğ edilməlidir:

Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına  riayət etməkdən keçir - AZƏRTAC

“Təbiətə qəsdən zərər vuranlar, ətraf mühiti korlayanlar uşaq deyillər, onların kifayət qədər yaşları var. Həmin insanların yaşına və törətdikləri əmələ baxanda narahatlıq daha da artır. Dünya bu qədər inkişaf edərkən belə halları baş verməməli idi. Hesab edirəm ki, bunun səbəbi cəmiyyətdəki mənəvi aşınma, deqaradasiya ilə bağlıdır.

Düşünürəm ki, məktəbdə gənclərə, uşaqlara təbiət və ətraf mühitlə bağlı daha çox məlumat verməliyik. Lakin hər əməllə, hər davranışla bağlı dərslik, proqram hazırlasaq, gərək uşaqlar səhərdən axşama kimi məktəbdə olsunlar. Ona görə də dərslik yox, maarifləndirmə işləri formasında uşaqlarla təbliğat aparılmalıdır. Məktəblərlə yanaşı ailələr də düzgün davranışı övladlarına öyrətməlidirlər. Bu proses davamlı və düzgün qaydalarla aparıldıqda, uşaqları və gəncləri qoruyub, düzgün istiqamətə yönəldə bilərik. Əks halda mənfi hallar artacaq”.

Fəlsəfə doktoru, ekoloq Sadiq Həsənov Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycandakı ən böyük ekoloji problem torpaqların deqadasiyasıdır:

“Azərbaycanda ekoloji problemləri bir neçə istiqamətə ayrıa bilərik. Burada birinci yerdə torpaqlarımızın deqradasiyası dayanır. 4 milyondan çox əkin sahələrimiz var, onların isə böyük bir hissəsi erroziyaya məruz qalaraq, şoranlaşıb, yararsız hala düşüb. Xüsusən Aran rayonları və qərb bölgələrində bu hal müşahidə olunur.

Eyni zamanda yay aylarında quraqlıq olduğu üçün bir çox əkin sahələrini suvarmaq olmur. Buna görə də ikinci ekoloji problem kimi su ehtiyatlarının məhdudluğunu qeyd edə bilərik. Su ehtiyatlarımızın 70%-ə qədəri qonşu ölkələr hesabına formalaşır, qalan 30%-i isə ölkə ərazisindən çıxır. Ölkənin kənd təsərrüfatı, içməli su ehtiyatı əsasən Kür və Araz çaylarının hesabına təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatlarına görə su ehtiyatları 30%-ə qədər azalıb. Bu da, bizdən onu tələb edir ki, həm daha qənaətli suvarma sisteminə keçək, həm də içməli su itkilərini azaldaq. Suvarma sistemində 50%-ə qədər, içməli suda isə 35-37%-ə qədər itkilər var.

Növbəti ekoloji problem torpaqların və Xəzər dənizinin neftlə çirklənməsidir. Torpaqların təmizlənməsi istiqamətində işlər görülsə də, tamamilə təmizləndiyini söyləyə bilmərik.

Xəzər dənizinin çirklənməsi balıq resurlarının da azalmasına səbəb olur. Bu qiymətlərdən də bəllidir

Bunlarla yanaşı urbanizasiya problemi də var. Ölkə əhalisinin 46%-i şəhərlərdə, 54%-i kəndlərdə yaşayır. Bu rəqəm statistikdir, fikrimcə, artıq əhalinin böyük qismi Bakıda və Sumqayıtda yaşayır.

Həmçinin digər şəhərlərdə də şəhərləşmə prosesi gedir. Bu isə bir növ sənayeləşmə deməkidir.

Bakı şəhərində yerin dərin qatları yoxdur, qumsallıq daha çoxdur. Bir zamanlar Bakıda heç ağac da olmayıb. "Əli və Nino" kitabında da buna işarə olunur. Əlinin atası kölgəlik tapmaq üçün Bayıl türməsinin divarlarının arxası ilə gəzirmiş. Yəni o dərəcədə yaşıllıq olmayıb.

Akademik Həsən Əliyevin zəhmətinin nəticəsi olan Botanika bağına baxsaq, görərik ki. Bakı şəhərində əkilməsi mümkün ola bilən ağaclar tədqiq olunub. Bura şam, əncir, tut, üzüm aiddir. Palıd, ərik, şabalıd ağaclarının isə Bakıda inkişafı qeyri-mümkündür. Buna görə də Bakının yaşıllaşdırılmasında şam ağaclarından istifadə olunur. Yaşıllaşdırılmanın azalması şəhərin ən böyük problemlərindəndir”.

Yazı Medianın İnkişafı Agentliyinin “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — Vikipediya

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 674

Oxşar yazılar