Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb. Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin (uşaqlarının 6-sı dəm qazından zəhərlənən ailənin - red.) qiymətləndirilməsini aparıb.
Bu barədə Lent.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb: "Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb. Hazırda digər 5 nəfərin müalicələri davam etdirilir. Onlardan 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Sumqayıt Şəhər İcra hakimiyyətindən isə "Report"a bildirilib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.
Qeyd olunub ki, məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətə götürülmüş və aidiyyəti qurumlarla birgə araşdırılıb: "Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.
Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilmiş, mənzil-məişət şəraiti yerində qiymətləndirilmişdir.
Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, məsələ araşdırılır.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb.
Ailənin ümumilikdə 9 uşağı olub.