Səbinə ƏVƏZQIZI
13 may 2026 13:29 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

Qurban Bayramı yoldadı, qoyun videolarına hazır olun

0

Bayram gəlir, yoldadı, kimi və necə təbrik edəcəksiniz? Yeni qoyun videolarınız varmı? ChatGPT-yə deyin heç olmasa yenilərini hazırlasın, köhnələrdən artıq yorulmuşuq. Sonra qohumlar arasında qeybət olar. Sözümün “mustafası” əslində bu deyil. Görün nə deyirəm...

Guya əvvəl qeybət yox idi? Həmişə olub. Sadəcə, indi bu məsələ internet üzərindən edilərək, həddini aşır, oxumağa belə utanırsan.

Bu yazıda son illərin “qazanclarından” söhbət açmaq niyyətindəyəm. Bir çox vərdişlər qazandıq və onları normal hesab edirik. Bir az dərin düşünəndə isə, məlum olur ki, qazanclarımız, itirdiklərimizin yanında o qədər də böyük deyil. Ən pisi də odur ki, bunu öz əlimizlə, fərqində olub da edirik.

Gəlin göz bəbəyi kimi qoruduğumuz uşaqlardan başlayaq. Doğurdan da onları qoruyuruq, yoxsa özümüzdən, həyatdan uzaqlaşdırırıq. Əvvəllər küçədən uşaq səsi əskik olmazdı. Həyətdə top oynayardılar, hətta qonşunun pəncərələrini sındırardılar. Gizlənpaç oynayaraq məhəllənin bütün künc-bucağını kəşf edərdilər. Axşam düşəndə də analar eyvandan uşaqlarını səsləyirdi. Oynamaqdan yorğun düşən uşaqlar da yuxusuzluqdan qəti əziyyət çəkmədən “küt düşüb” mışıl-mışıl yatardılar. İndi şəhərin mərkəzində həyətlərdə dərin sakitlik var. Çünki uşaqlar artıq küçədə yox, internetin, telefonun içində böyüyürlər.

Bir uşağın uşaqlığı yalnız dijital aləmdə keçərsə, o, torpağa necə toxuna biləcək? Torpaq sevgisi o zaman yaranır ki, uşaq onun üstündə qaçıb yıxılır, yıxıldığı yer onun dayağı olur. Bu yıxılmağa kənardakı uşaqlar da gülməlidir. Bilirsiniz niyə? Ətrafdakıların ona gülə bilməməsi üçün həyatda daha möhkəm dayanmalı olduğunu öyrənməlidir. Hətta dostları ilə dalaşmalıdır. Həyatın bu üzünü də görməli və sonra barışdıqda mehribançılığın daha şirin gəldiyini hiss etməlidir. Təkcə uşaqlar yox, bütün insanlar ünsiyyəti canlı yaşayanda bədən dili, üz mimikləri qarşı tərəfdən sənə daha çox informasiya verir, yaxşısını da, pisini də. İndi jurnalist deputata zəng edir ki, müsahibə etmək istəyirik, deyir suallarını göndər WhatsApp-dan cavablayaram. Ən zəhləm gedən variantdı bu. Bəlkə sənin hansısa cavabın diqqətimizi çəkəcək, əvvəlcədən hazırlanan bütün suallar kənarda qalıb mövzunun axınını dəyişəcəyik, daha maraqlı material hazırlanacaq...

Həyatımızı, işimizi, münasibətlərimizi, hətta sevgimizi belə telefonun içində yaşayırıq. O qədər telefonla danışacağıq ki, bir azdan ailə içində, dostlarla görüşdə belə danışmağa sözümüz qalmayacaq.

Hə, indi gələk, qeybət məsələsinə. İllərlə gələn bu məsələnin dəyişəcəyini desəydilər inanmazdım. Belə ki, qeybət əsasən bəzi insanlar bir yerdə oturanda başlayırdı. İndi isə sosial şəbəkələrdə şərhlər oxuyuruq və adam dəhşətə gəlir. İnsanlar üz-üzə deyə bilmədikləri sözləri rahatlıqla yazırlar. Çünki ekran arxasında olmaq onlara cəsarət verir. Bunun bir adı var – hədsizlik. Təbii ki, insanlar üz-üzə danışanda bu qədər hədlərini aşa bilmirlər. Kiminsə üzünə baxıb “üzdən iraq” söz deyə bilmirdin. Sözün mənasına fikir verin, demək, üzdən kənarda olanda insan hədsizləşə bilirmiş.

Texnologiya həyatımızı çox asanlaşdırdı. Necə deyərlər, adamın Allahı olar, yalan mundardı. Amma münasibətlər... Baxırsan ki, biri sosial şəbəkədə elə “aktivdir” ki, lap yaxşı mənada paxıllığın tutur. Di gəl real həyata, görüşəndə “çımxırı” da çıxmır. Sosial şəbəkədə o qədər tükənib ki, həyatda asosial olub. Onda bu platformaların nəyi sosiallaşmaq oldu? Eyni evdə yaşayırıq, bu otaqdan o birisinə WhatsApp-la mesaj atırıq. Bu isə ona gətirir ki, ailə içində belə, insanlar bir-biri ilə az danışır. Hamı bütün işini elə telefonla həll edir.

Bir vaxtlar var idi, xəbərsiz qapı döyülərdi. Qonşu çay içməyə gələrdi. Bəh... Bu söhbətlərin, hətta qeybətlərin belə dadı başqa idi. Qohumlar tez-tez bir-birinin evini çək-çevir edirdi. İndi isə sonuncu dəfə hansı yaxın qohumun evinə getdiyimizi belə çətin xatırlayırıq. Bayramdan-bayrama bir mesaj yazmaqla münasibəti qoruduğumuzu düşünürük. Salam yazıb təbrik etməyə belə ərinirlər. Yuxarıda dediyim kimi, qarşıdan Qurban Bayramı gəlir. Yenə telefon dolacaq qoyun videoları ilə. Qalırsan məəttəl. Qurban payı gətirməyin bir kənara qalsın, bir kəlmə mənə özəl nəsə yaz da, heç olmasa.  

İnsanın ən böyük ehtiyacı elə insandır. Səmimi söhbət, birlikdə gülmək, canlı münasibətin verdiyi həyəcan, duyğu texnologiyada yoxdur. Bunu hələ icad edə bilməyiblər. Sosial şəbəkə heç vaxt dost məclisinin yerini verə bilməz, yeyib-içməklər, şən zarafatlar, kiminsə meyxoş olub təlxəklik etməsi... Bunlar insan həyatının duzudu, şəkəridi, dadıdı.

İndi texnologiyanın inkişafı ilə biz doğrudan da rahat yaşayırıq? Yoxsa, sadəcə ekrana bağlanmaq vərdişindən ayrıla bilmirik? Bəzi vərdişlər həyatımızı asanlaşdırsa da, ruhumuzu səssizcə yorur.

Hələ gözü TikTok-da olan anaların böyütdüyü uşaqlar başqa aləmdi. Ana dayanmadan qısa videolara baxır, gözünü çəkə bilmir. Fərqində deyil ki, bu platformalar onun zamanını mənimsəyib getdi. Uşaq qalıb kənardaı, gözləyir ki, anam telefonu yerə qoysaydı, ona bir söz deyərdim. Yol keçirik, gözləri TikTok-da ilişib qalan ananın, yanında gedən uşağından xəbəri yoxdu. İnsan bağırmaq istəyir ki, piyada keçidini keç, sonra o telefonunun içinə girərsən də... Uşaq ananın yanında danışır, sual verir, nəyisə göstərmək istəyir, amma cavablar budur - “hə”, “bir dəqiqə”, “indi baxacam”. Bəlkə də ilk baxışda bu məsələ adi görünür. Sual edərsiniz ki, burda nə var? O var ki, əslində gələcək bir nəslin psixoloji xəritəsini dəyişirik. Anlamaq lazımdır ki, bu çox ciddi problemdir. Uşaq üçün sevgi yalnız yemək vermək və geyindirmək deyil. Uşaq üçün sevgi – baxışdır, dinlənilməkdir, hiss edilməkdir. Ana uşağa baxanda uşaq özünü dəyərli hiss edir. Amma ana saatlarla ekran qarşısında qalanda, uşaq şüuraltı olaraq belə bir düşünür ki, mən valideynim üçün kifayət qədər maraqlı deyiləm. Bu uşaq özgüvənini itirir. Nəticədə emosional boşluq yaranır ki, çox vaxt bunların sonu yaxşı bitmir. Yəni ən yumşaq formada ifadə etməyə çalışdım.

Bundan başqa, uşaq valideynin davranışını doğru qəbul edib o da gününün böyük hissəsini telefonda keçirir. Bu gələcəyin anasını, atasını indidən bədbəxt etməkdir. Sabah həmin uşaq böyüyəndə insanlarla necə danışacaq, hisslərini paylaşacaq, ailə münasibətlərini qoruya biləcək? Maraqlıdır, illər sonra bugünkü uşaqlar analarını necə xatırlayacaq? Birlikdə oynadıqları anları, yoxsa daim əldən düşməyən bir telefonu? Çətin məsələdi. Ona görə, indiki gənc gəlinlər, ailə içində yaşamağı faciə kimi qəbul edirlər.

Bir daha deyim ki, istəsək də, istəməsək də, texnologiya həyatımızın bir hissəsinə çevrilib və bundan qaçmaq olmur. Amma keçən günlərimiz, uşağın uşaqlığı geri qayıtmır.

Deməli belə, əgər bacarsaq, çalışaq ki, telefon sayılı günlərimizi, yanımızda böyüyən uşağın xoşbəxtliyini, şirin-şirin qeybətimizi belə əlimizdən ala bilməsin. Dünya dayanmır, dönür, həyatı yaşamaqmı gözəldir, yoxsa telefonun içində itməkmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1774

Oxşar yazılar