"Bu suallarda hansı tələdən söhbət gedə bilər?" - Məleykə Abbaszadə ilə MÜSAHİBƏ
14 may 2026 11:56 (UTC +04:00)

"Bu suallarda hansı tələdən söhbət gedə bilər?" - Məleykə Abbaszadə ilə MÜSAHİBƏ

0

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA İnformasiya Agentliyinə müsahibə verib. Lent.az xəbər verir ki, o, gələcəkdə imtahanda ediləcək dəyişikliklər, imtahan sualları və digər vacib məqamlara aydınlıq gətirib.

Dəyişiklikləri edərkən məktəb proqramından kənara çıxmırıq

– Məleykə xanım, son illərdə qəbul imtahanlarında müəyyən dəyişikliklər edilir. Bu dəyişikliklərin əsas məqsədi nədir və gələcəkdə hansı yeniliklər planlaşdırılır?

– Əvvəllər bizim əsas işimiz abituriyentlərin fundamental biliklərini yoxlamaq idi. Bu, 30 il bundan əvvəl daha çox tətbiq olunurdu. Zaman dəyişir, zamanın tələbləri və beynəlxalq standartlar var. Biz artıq yeni modelə – yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik. Bu proses 2009-cu ildən yeni kurikulumun tətbiqi ilə aparılır. Təbii ki, bu zaman imtahan modelində də müəyyən dəyişikliklər baş verir. İmtahandakı dəyişikliklər ilk növbədə orta məktəb proqramlarında həyata keçirilən yeniliklərlə bağlıdır. Biz onları mütləq imtahanlarda nəzərə alırıq. Yəni, dəyişikliklərin əsas qaynağı tədris proqramlarının yenilənməsidir.

Eyni zamanda qiymətləndirmə beynəlxalq standartlara uyğun olmalıdır. Hazırda imtahanlarda fundamental akademik biliklərlə yanaşı, bacarıqların da ölçülməsi bizim üçün əsas tələblərdən biridir. İmtahanlarda analitik düşüncə, məntiqi təfəkkür və qeyri-müəyyənlik şəraitində qərarvermə kimi bacarıqları yeni növ tapşırıqlarla yoxlayırıq. Koqnitiv bacarıqların da qiymətləndirilməsi proqramlardakı dəyişikliklərin, müasir dövrün tələbidir. Amma bu dəyişiklikləri edərkən məktəb proqramından kənara çıxmırıq. Əvvəlcədən təsdiq olunmuş proqram əsasında imtahanlara hazırlıq aparılır.

Buraxılış imtahanında danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər

– Gələn ildən XI sinfin buraxılış imtahanında xarici dil fənni üzrə yeni imtahan modelinin tətbiqi də nəzərdə tutulur. İmtahanda son zamanlar edilən model dəyişikliklərinin səbəbi nədir və bu dəyişikliklər imtahan nəticələrinə necə təsir edir?

– Xarici dil fənni üzrə dəyişikliklərə gəlincə, gələn il XI sinfə keçəcək şagirdlər əslində bir il bundan əvvəl, IX sinifdə yeni tətbiq olunacaq sistemə uyğun imtahan veriblər. Biz bir il ərzində bu model üzərində yenidən işləyib, təhlillər aparmışıq. Müəyyən monitorinqlər, pilot imtahan keçirilib. Növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur. Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Bu məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək.

Hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır. Buraxılış imtahanlarında hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər.

Ümumiyyətlə, gələcəkdə, məsələn, informatika üzrə də imtahanlarının rəqəmsallaşdırılması nəzərdə tutulur. Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq. Dövlət qulluğuna qəbul imtahanları artıq elektrondur. Təkcə bu il 67 min nəfər elektron imtahanlarda iştirak edib. Təbii ki, bu rəqəm artacaq. Bu artdıqca mahiyyət də dəyişir və proqramlar da ona uyğunlaşdırılır.

Biz gənclərin koqnitiv bacarıqlarını ön plana çəkərək onları yoxladıqda, həmin bacarıqlar da inkişaf edir. Onların ali məktəbdə nəticələri də daha yüksək olur, nəinki bu bacarıqları əvvəlcədən zəif olanlarda. Bu istiqamətdə bizim əsas məqsədimiz proqram və zamanın tələblərinə uyğunlaşmaqdır. Sonda bir daha qeyd edim ki, önümüzdəki tədris ilində XI sinif buraxılış imtahanında bu modeli tətbiq edən şagirdlər ötən il IX sinifdə də eyni model üzrə imtahan veriblər.

Yaxşı müəllim də səhv edə bilər

– Bəzən məktəbdə şagirdlərin qiymətləri ilə (eləcə də dərs proqramı) qəbul imtahanlarında əldə etdikləri nəticələr (düşən suallar) arasında ciddi fərqlərin olması ilə bağlı iddiaların səsləndirilməsi müşahidə olunur. Sizcə, bunun əsas səbəbi nədir?

– Biz 2012-ci ildən başlayaraq abituriyentlərin attestat qiymətləri ilə qəbul imtahanlarında topladıqları ballar üzrə paylanma cədvəlini 12 nömrəli “Abituriyent” jurnalında çap edirik. Bəli, əvvəllər çox ciddi fərq var idi. Mən deyə bilərəm ki, getdikcə bu fərq azalır. Müəyyən fənlər var ki, qiymətlər demək olar bizim nəticələrlə üst-üstə düşür.

Amma bəzən məktəbi əla qiymətlərlə bitirən şagird buraxılış imtahanında, ya da növbəti ­– blok imtahanında həmin fəndən aşağı nəticə göstərir. 13 il bundan əvvəl fərq daha böyük idi, hazırda isə elə də çox deyil.

Artıq məktəblərdə daxili qiymətləndirmə prosesi daha yaxşı aparılır. Biz müəyyən uyğunluq müşahidə edirik, amma hələ ki, istədiyimiz səviyyədə deyil. DİM vahid standarta uyğun qiymətləndirmə aparır. Müəllim isə, hətta yaxşı müəllim də səhv edə bilər. Niyə? Çünki o müqayisəli qiymətləndirmə aparır. Sinifdə, məsələn, 25 nəfər olur və istər-istəməz onların səviyyəsi bir-biri ilə müqayisə edilir. Müəllim ən yaxşı bilən şagirdə “5” yazır. Amma o, ölkə səviyyəsində ən yaxşı biləndirmi? Hər dəfə respublika çempionu Avropa çempionu olurmu və hər Avropa çempionu sonra dünya çempionu olurmu?

Bizdə isə vahid standart var və biz bu standarta uyğun qiymətləndirmə aparırıq. Müəllim müqayisəli qiymətləndirmə etdiyi üçün fərqlər ola bilər. Amma bu, “iki alan şagirdə beş yazmaq” demək deyil. Məsələn, dörd ilə beş arasında qalan şagirdə beş də yazıla bilər və ya bəzən dördə üstünlük verilə bilər. Liseylərdə qiymətləndirmə daha ciddi aparılır. Bu da normaldır.

Ümumi riyazi biliklər ölkədə elə də yaxşı səviyyədə deyil

 

– İctimaiyyətdə bəzən belə fikirlər səslənir ki, bəzi imtahan sualları şagirdlərin biliklərini ölçməkdən daha çox onları çaşdırmaq və ya “tələyə salmaq” məqsədi daşıyır. Bu məsələyə münasibətiniz necədir?

– Mənim sizə bir sualım var. Siz humanitar sahənin mütəxəssisisiniz, haranı bitirmisiniz?

– Bəli, Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi.

– Dördbucaqlıda neçə diaqonal var?

– 2 dənə olur.

– Bəli, 2 dənə. Bu sual yeddinci, altıncı sinfin sualıdır. Belə suallar 11-ci sinif buraxılış imtahanında da var. Bu çox sadə sualdır və onun cavablandırılması 1–3 saniyə vaxt tələb edir. Bu suallarda hansı tələdən söhbət gedə bilər? Məsələ ondadır ki, ümumi riyazi biliklər ölkədə elə də yaxşı səviyyədə deyil.

Başqa bir sualı sizə göstərim. Buraxılış imtahanında statistikaya görə 1 çətin sual olub: f(x)=ax2+bx+c funksiyasının qrafikinə aid yazılı cavab tələb edən açıq tipli tapşırıq. Bu suala 86,8 faiz şagird cavab verə bilməyib. 1 (tam) balı 3,6% şagird toplayıb. 4,14% şagird 23 bal, 5,39% şagird 13 bal, 10,87% şagird 0 bal toplayıb. 76,01% iştirakçı isə sualı cavablandırmaqdan imtina edib. Bu sualın cavablandırılması 2–3 dəqiqə vaxt tələb edir. 9-cu sinif dərsliyinə aiddir və tam proqram çərçivəsindədir. (Digər sualları göstərir) Hansı suallarda tələ var? Biz hər cavablandırma müddətinə uyğun sual tərtib edirik: 1–5 saniyəyə 4 sual, 6–10 saniyəyə 3 sual, 11–20 saniyəyə 3 sual, 21–30 saniyəyə 4 sual, 30–60 saniyəyə 4 sual və 1–5 dəqiqəyə 7 sual - yazılı cavab tələb edən tapşırıqlar cavablandırıla bilər. Ümumilikdə 45-50 dəqiqə kifayət edir. Qalan 15–10 dəqiqə isə sualları yoxlamağa və kodlaşdırmağa sərf olunur. Buraxılış imtahanında 18 asan sual var. Nə üçün onlara bu suallar çətin gəlir? Çünki şagird gərək riyaziyyatı lap aşağı siniflərdən öyrənməyə başlasın.

Burada birinci problem valideynlərin özlərinin riyazi biliklərinin hazırkı tədris proqramına uyğun olmaması ilə əlaqədardır. Riyazi biliklər zəncirvarı xarakter daşıyır və əvvəlki biliklər formalaşmadan növbəti mərhələyə keçmək mümkün olmur. Şagird natural ədədlərlə işləməyi bacarmırsa, rasional ədədlərə, daha sonra isə cəbrə keçməkdə çətinlik çəkəcək. Buna görə də riyazi təməl ibtidai siniflərdən düzgün formalaşdırılmalıdır. Bir-iki ilə riyazi qabiliyyətləri formalaşdırmaq mümkün deyil. Müəllim natural ədədləri bilməyən şagirdə deyə bilməz ki, səni bir-iki ilə imtahana tam hazır edəcəyəm.

Bizim suallarımız proqrama tam uyğundur. Suallar müxtəlif səviyyələr üzrə hazırlanır: sadə suallar zəif nəticə göstərənlərlə müəyyən biliyi olanları fərqləndirməyə, orta və çətin suallar isə yaxşı nəticə göstərən şagirdləri seçməyə xidmət edir. Əgər bütün suallar sadə olsa, hazırlıqlı və istedadlı şagirdləri digərlərindən fərqləndirmək mümkün olmaz.

Builki buraxılış imtahanında 280-dən yuxarı bal toplayan 896 nəfər var. Bura hələ Naxçıvanda keçirilən imtahanın nəticələri daxil deyil. Bu nəticələr 54 müxtəlif region üzrə qeydə alınıb. Yəni demək olar ki, hər bölgədən yüksək nəticə əldə edənlər var. Onlar 300 bal toplayanlardan çox cüzi fərqlənirlər. Onu da deyim ki, bu fərqi müəllim tam şəkildə aşkara çıxara bilməz. Amma biz müəyyən tapşırıqlarla kiçik bal fərqi ilə olsa da, onları ayırd edə bilirik.

Bizim imtahanların məqsədi şagirdləri çaşdırmaq deyil, onların bilik və bacarıqlarını daha dəqiq ölçməkdən ibarətdir. Mən istərdim ki, belə fikirlər səsləndirənlər heç olmasa, bir konkret misal göstərsinlər ki, hansı sual tələyə salmağa hesablanıb. Sadəcə ümumi fikir deməklə bunu iddia etmək düzgün deyil. Sosial şəbəkələrdə yazılan şərhlərə və ya ayrı-ayrı fikirlərə baxıb ümumi nəticə çıxarmaq da doğru yanaşma deyil. Statistika bir nəfərin, yüz nəfərin, hətta min nəfərin fikri əsasında formalaşmır, amma təəssüf ki, bəzən sosial şəbəkədə yazılanlar yanlış ictimai rəyin formalaşmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, imtahanda yüz mindən artıq şagird iştirak edir. Məsələn, hansısa kursun 50-60 şagirdi “imtahan çətin idi” deyirsə, bu, hələ ümumi nəticəni ifadə etmir. Statistika fərqli anlayışdır və daha geniş məlumat – data əsasında aparılmalıdır. Bununla bağlı tam dəqiq statistik məlumatlar bütün nəticələr açıqlanandan sonra təqdim olunacaq.

– Nəticələrin açıqlamasına toxundunuz. Martın 9-da və 15-də keçirilən buraxılış imtahanlarının nəticələrini artıq elan etmisiniz. Gözləntiləriniz və real nəticələr üst-üstə düşür?

– Bəli, üstə-üstü düşür. Hazırkı nəticələrə baxanda görürük ki, ötən illə müqayisədə ümumi mənzərə dəyişməyib. Yenə zəif, orta və yüksək nəticə göstərənlər var. İmtahan nəticələri gözlənilən səviyyədədir. Biz əvvəlcədən də bilirdik ki, koqnitiv bacarıqları daha çox ölçən suallar orta balın müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər və nəticələr də bunu göstərdi. Statistik baxımdan gözlənilməz vəziyyət yoxdur.

Evdə suallara baxmaqla, imtahan zamanı həmin sualları cavablandırmaq eyni şey deyil

– Həmin tarixdə keçirilən imtahanların çətinlik səviyyəsinin fərqli olması ilə bağlı çoxsaylı şikayətlər səsləndirilir. Bəzi abituriyentlər 9 mart tarixində keçirilən imtahanın daha çətin olduğunu iddia edirlər. Sizcə, bu iki imtahan arasında həqiqətən çətinlik fərqi ola bilərmi, yoxsa suallar xüsusi metodologiya ilə eyni səviyyədə hazırlanır?

– 9 və 15 martda keçirilən imtahanlarının çətinlik səviyyəsi ilə bağlı deyilənlərə gəlincə, burada bir məsələ var. Evdə suallara baxmaqla, imtahan zamanı həmin sualları cavablandırmaq eyni şey deyil. Hətta şagird sonradan tapşırıqlara baxanda da deyə bilər ki, “mən bunu bilirdim”. Amma imtahan şəraitində vaxt məhdudiyyəti, həyəcan və digər amillər nəticəyə təsir edir. Martın 9-da imtahan verən şagird digər imtahanın suallarını evdə rahat şəraitdə gördüyü üçün əlbəttə ona daha asan gələcək.

Ancaq hər iki imtahanda suallar nəzərdə tutulan imtahan modelinə uyğun salınıb. Bilirsiniz ki, imtahan proqramı və model tapşırıqlar əvvəlcədən ictimaiyyətə təqdim olunur. 2025-ci ilin sentyabrında saytımızda, 2026-cı ilin yanvarında isə “Abituriyent” jurnalının xüsusi buraxılışında bunlarla tanış olmaq mümkün idi. Hansı tip sualların düşəcəyi, qiymətləndirmənin necə aparılacağı əvvəlcədən açıqlanıb. Yəni şagirdlər əvvəlcədən buna uyğun hazırlaşa bilərlər. Buna görə də, iki imtahan arasında fərqli çətinlik səviyyəsindən söhbət gedə bilməz.

– Ümumiyyətlə imtahana düşən suallar necə müəyyənləşdirilir?

– Suallar ilk dəfə müəlliflər tərəfindən DİM-ə təqdim olunanda ekspertizadan keçirilir. Əgər ekspertiza həmin sualı uyğun hesab edirsə, o zaman sual test bankına daxil edilir. Həmin sual illərlə bankda qala bilər və ya ümumiyyətlə istifadə olunmaya bilər. Çünki test bankında bütün istiqamətlər üzrə müxtəlif tip suallar olmalıdır – sadə, orta və çətin səviyyəli, müxtəlif mövzulara aid, fərqli relevantlıq xüsusiyyətlərinə malik suallar. Hər istiqamət üzrə kifayət qədər ehtiyat sual saxlanılır. Suallar bir variant kimi texniki tapşırıq əsasında formalaşdırılır. Orada əvvəlcədən göstərilir ki, neçə sadə, orta, çətin sual olacaq və hansı xüsusiyyətlərə malik tapşırıqlardır. Proqram təminatı imtahana düşən sualları bir hissəsi mənim, bir hissəsi isə qapalı şəraitdə işləyən şəxslərin söylədikləri təsadüfi rəqəm əsasında avtomatik formalaşdırır. Təsadüfi rəqəm dəyişsə, başqa suallar düşəcək. Bu prosesdə insan müdaxiləsi minimum səviyyədə olur.

Suallar seçildikdən sonra yenidən ekspertizadan keçirilir. Çünki ola bilər ki, tapşırıq illər əvvəl hazırlanıb və bu müddətdə müəyyən dəyişikliklər baş verib. Xüsusilə tarix, coğrafiya kimi fənlərdə məlumatlar dəyişə bilər. Məsələn, əvvəllər torpaqların işğalı ilə bağlı hazırlanmış suallar olub. İndi isə reallıq dəyişib və belə suallar redaktə edilməlidir. Ona görə hər sual düzgün və aktual olub-olmaması baxımından yenidən yoxlanılır.

Test bankında sualların sayı çoxdur və bank qapalı saxlanılır. İmtahanda istifadə olunan materiallar isə sonradan ictimaiyyətə açıqlanır. Bununla da həmin suallar artıq istifadədən çıxır və müəyyən mənada həmin materialları “itiririk”. Çünki bir dəfə açıqlanmış sualdan yenidən istifadə etmək olmur. Amma bu addım şəffaflıq üçün edilir ki, sonradan “sual başqa cür idi”, “orada səhv var idi” kimi mübahisələr yaranmasın. Eyni zamanda ictimaiyyət də həmin sualları yoxlaya bilir və bu bir növ ictimai ekspertiza rolunu oynayır.

– Bəs imtahan sualında səhv aşkar olunarsa, buna görə məsuliyyəti kim daşıyır və həmin müəlliflərə qarşı hansı tədbirlər görülür?

– Əgər imtahandan sonra hər hansı sualda səhv aşkarlanarsa, həmin tapşırığa görə bütün iştirakçılara bal verilir. Bunu hamı bilir. Belə hallar çox nadir baş verir və əsasən texniki səbəblərlə bağlı olur. Səhvə görə məsuliyyəti isə həmin sualı hazırlayan və ekspertizadan keçirən şəxslər daşıyır. Belə hallarda onlara qarşı inzibati tədbirlər görülə bilər. Bəzən xəbərdarlıq edilir, töhmət verilir, hətta elə hallar olub ki, əməkdaşlıq tam dayandırılıb. Çünki bu iş böyük məsuliyyət tələb edir

Buraxılış imtahanlarının nəticələrinin daha qısa zamanda açıqlanması mümkündür

– Bildiyiniz kimi, buraxılış imtahanlarında nəticələrin və cavabların açıqlanması 5-6 həftəyə qədər vaxt aparır. Bu prosesin daha qısa zamanda həyata keçirilməsi mümkündürmü?

– Bəli, buraxılış imtahanlarının nəticələrinin daha qısa zamanda açıqlanması mümkündür. Bunun üçün nəticələri yoxlayan marker-ekspertlərin sayı kütləvi olmalıdır. Bu mütəxəssislərin hazırlanması üçün xüsusi hazırlıq kursları elan olunub. Həmin kurslara qoşulan şəxslər əvvəlcə təlim keçir, daha sonra imtahan verirlər və uyğun hesab olunduqları təqdirdə, prosesə cəlb olunurlar. Bu prosesdə müəllimlər də, digər sahə mütəxəssisləri də iştirak edə bilərlər. Nə qədər çox insan bu işə qoşularsa, nəticələri də bir o qədər tez yoxlamaq mümkün olar.

Bu il isə vəziyyət bir qədər fərqli oldu. Martın 9-u və 15-də keçirilən imtahanlardan sonra bayram günləri daha çox idi. DİM əməkdaşları bayram günlərində işləyə bilsələr də, ekspertlər qurumla müqavilə əsasında çalışırlar və onları həmin günlərdə işləməyə məcbur etmək mümkün deyil. Ekspertlər yazı işlərini onlayn şəkildə, evdən yoxlayırlar və hər biri konkret sualları qiymətləndirirlər. Bunun üçün DİM-in xüsusi platforması mövcuddur. Həmin platforma qurum tərəfindən yaradılıb və müəlliflik hüquqları da DİM-ə məxsusdur. Bu sistem çox dəyərli alət hesab olunur və xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Platforma onlayn şəkildə milyonlarla tapşırığın yoxlanılmasına imkan yaradır. Açıq şəkildə demək olar ki, nə qədər çox marker bu prosesə cəlb olunarsa, imtahan cavablarını da bir o qədər qısa müddətdə yoxlamaq mümkün olacaq. Təəssüf ki, hazırda markerlərin sayı istənilən səviyyədə deyil.

Süni intellektlə nəticələrin yoxlanması prosesi araşdırılır

– Necə düşünürsünüz, süni intellekt qəbul və buraxılış imtahanının formatına və yoxlanmasına hansı dəyişikliklər edə bilər?

– Bilirsiniz, uşaqlar müxtəlif xətlərlə yazırlar və ekspertlər oxuyanda çətinlik çəkirlər. Amma elektron imtahanlarda markerlərin əvəzinə yazı işlərini süni intellekt yoxlaya bilər. Biz bu istiqamətdə müəyyən işlər aparırıq.

Ancaq bunun hüquqi bazası olmalıdır. Çünki məsələn, ekspert səhv edibsə, şagird yoxlamayla bağlı apellyasiyaya müraciət edəndə, onunla bağlı qərar qəbul edirəm. Bəs nəticəni süni intellekt yoxlayıbsa, onda necə olacaq? Hazırda sistem belədir ki, iki ekspert yoxlayır, nəticələr üst-üstə düşürsə, qəbul edilir. Əks halda, iş üçüncü ekspertə verilir. Üçüncü ekspertin nəticəsi əvvəlkilərdən heç olmasa biri ilə uyğun gəlirsə, o nəticə qəbul olunur. Uyğun gəlməyən ekspertin işi isə ayrıca araşdırılır. Biz artıq yoxlanmış işləri süni intellektə veririk və baxırıq ki, onun qiymətləndirməsi ekspertlərin nəticələri ilə nə qədər üst-üstə düşür. Hazırda bu göstərici təxminən 70-80 faizdir. Ekspertlərin yoxlaması arasında isə uyğunluq 85-90 faizə yaxındır.

Databaza zənginləşdikcə bu uyğunluğun artacağını düşünürük. Eyni zamanda bu sahədə normativ-hüquqi sənədlər də hazırlanmalıdır ki, prosesi hüquqi müstəvidə tətbiq etmək mümkün olsun. Süni intellektin sualların ekspertizasında istifadəsi məsələsi də gündəmdədir. Burada müəyyən təhlükəsizlik məsələləri var. Bu proseslər də həll olunduqdan sonra sualların ekspertizasında süni intellektdən istifadə oluna bilər. Amma düşünürəm ki, yaxın gələcəkdə bu artıq zərurətə çevriləcək.

Müxtəlif istiqamətlərdə bu texnologiyalardan istifadə edilir – təhlükəsizlik məsələlərində, imtahan nəticələrinin monitorinqində və digər sahələrdə. Bu proses maliyyə və təsərrüfat sahələrinə də aiddir. Müəyyən proqramlar insan müdaxiləsi olmadan prosesləri yoxlamağa imkan verir. Mən düşünürəm ki, təxminən beş ildən sonra işçilərin sayı 20-30 faiz azala bilər. Bunun yaxşı və ya pis olduğunu demək çətindir, amma belə bir ehtimal var.

 

Valideynlər uşaqları ciddi təzyiq altında saxlayırlar

– Dövlət İmtahan Mərkəzi sosial şəbəkəsində 9 – 15 mart tarixlərində keçirilən buraxılış imtahanı ilə bağlı sorğu keçirmişdi. Sorğunun nəticələri ilə bağlı nə deyə bilərsiniz?

– Çox yaxşı sualdır və çox maraqlı nəticələr var. Hazırda məndə yalnız ilkin məlumatlar mövcuddur. Digər imtahanla (19 aprel) bağlı sorğunun nəticələri hələ emal olmayıb deyə, bu barədə yekun fikir bildirmək düzgün olmaz. Amma ilkin rəqəmlər onu göstərir ki, sorğu zamanı sistemə 16 356 unikal giriş qeydə alınıb. Unikal giriş dedikdə biz sistemə daxil olan şəxsi nəzərdə tuturuq, amma onun kim olduğunu bilmirik. Ümumilikdə isə 19 963 cavab toplanılıb. Bu da göstərir ki, təxminən 4 minə yaxın əlavə cavab var. Müəyyən şəxslər sorğunu bir neçə dəfə doldurublar.

Biz bunu ayrıca yoxladıq. Əvvəl düşündük ki, ola bilər müxtəlif insanlar iki dəfə daxil olub. Amma araşdırma zamanı məlum oldu ki, əlavə 4 min cavabın böyük hissəsini cəmi 80 nəfər göndərib. Hətta müəyyən bir unikal ünvandan 185 dəfə sorğu cavablandırılıb. Bu isə onu göstərir ki, hansısa şəxs və ya müəyyən mərkəzlər tərəfindən prosesə təşkilatlanmış şəkildə müdaxilə cəhdi olub. İndi həmin cavabların müsbət və ya mənfi olduğunu demirəm, məsələ bunda deyil. Bunun hansı məqsədlə edildiyini də deyə bilmərəm. Amma belə bir fakt mövcuddur. Respondentlərin 69 faizi yazıb ki, 200-300 bal arasında nəticə gözləyir, yəni gözləntiləri kifayət qədər yüksəkdir. Onların 80 faizi bildirib ki, imtahana intensiv hazırlaşıblar. Təxminən 15 faiz isə qismən hazırlaşdıqlarını qeyd edib.

Burada maraqlı bir məqam var. Uzun illərdir müşahidə edirik ki, şagirdlər 9-cu sinifdən sonra 11-ci sinifdə imtahan nəticələrini müəyyən qədər yaxşılaşdırırlar. Orta hesabla nəticə təxminən 20 faiz artır. Məsələn, şagird 9-cu sinifdə 3 fəndən 100 bal toplayıbsa, 11-ci sinifdə 120-130, bəlkə də 140 bal toplaya bilər. Amma birdən-birə 300 bal toplaması real görünmür. Biz soruşmuşuq ki, siz 9-cu sinifdə hansı nəticəni göstərmisiniz? Sorğuda iştirak edənlərin 32 faizi yazıb ki, onlar 9-cu sinifdə 200 baldan yuxarı nəticə göstəriblər. Mən real statistikaya baxıram, həmin il 9-cu sinifdə 200 baldan yuxarı nəticə göstərənlərin ümumi sayı təxminən 4 min nəfər olub. Amma sorğudakı rəqəmlər göstərir ki, guya bu göstəricini 6 500 nəfər yığıb. Tutaq ki həmin şagirdlərin hamısı sorğuda iştirak edib. Bəs əlavə 2 min şagird hardandır? Deməli, bəzi iştirakçılar öz nəticələri barədə düzgün məlumat verməyiblər. Əgər insan öz əvvəlki nəticəsini düzgün göstərmirsə, deməli onun gözləntiləri də real qiymətləndirməyə əsaslanmır. Təbii ki, belə olan halda narazılıq da yaranır.

Respondentlərin 67 faizi imtahanı çətin hesab etdiyini bildirib. Amma əgər kimsə həqiqətən 9-cu sinifdə 200 bal nəticə göstəribsə, onun üçün bu imtahan o qədər də çətin olmamalı idi. Burada müəyyən uyğunsuzluq görünür. Yəni bəzi insanlar sanki özlərini aldatmaq üçün bu sorğuda iştirak ediblər. Halbuki məqsəd real vəziyyəti öyrənmək idi. Bu nəticələr göstərir ki, respondentlərin əhəmiyyətli hissəsi imtahanı şəxsi hazırlıq imkanlarına uyğun olmayan qədər asan proses kimi təsəvvür edib. Yəni düşünürdülər ki, ciddi hazırlıq olmadan da yüksək nəticə əldə edə bilərlər.

Sorğuda iştirak edənlərin 78 faizi hesab edir ki, imtahan daha asan olsa, daha ədalətli olar. Amma burada sual yaranır: kim üçün ədalətli? Əgər imtahan hamı üçün asan olarsa, o zaman yaxşı bilənlə zəif biləni fərqləndirmək mümkün olmayacaq. Bu isə yüksək hazırlığı olan şagirdlərə qarşı ədalətli deyil. Bir başqa maraqlı məqam da odur ki, sorğuda iştirak edənlərin 98 faizi imtahanlarla bağlı məlumatları əsasən sosial mediadan əldə etdiyini bildirib. Yəni metodik vəsaitlərə, rəsmi materiallara, jurnallara və təqdim olunan nümunələrə müraciət etmirlər. Daha çox sosial şəbəkələrdə deyilən fikirlər əsasında münasibət formalaşdırırlar. Streslə bağlı nəticələr də diqqət çəkir.

Təxminən 50 faiz respondent bildirib ki, əsas stres mənbəyi valideynlərinin gözləntiləridir. Valideynlər uşaqları ciddi təzyiq altında saxlayırlar. Mən valideynlərə müraciət etmək istəyirəm ki, bu dövrdə uşaqlar sizdən yalnız dəstək görməlidirlər. Onlar anlamalıdırlar ki, imtahan insanı yox, onun biliyini və bacarığını qiymətləndirir. Amma valideyn övladını bir insan kimi qiymətləndirir. Halbuki uşaq inanmalıdır ki, nəticə necə olursa-olsun, valideyn onu dəstəkləyəcək. Uşaqlar üçün qorxu mühiti yaratmaq yox, dəstək olmaq lazımdır. Təbii ki, yaxşı bal toplamaq vacibdir. Çünki bütün dünyada müsabiqə var və yüksək bal yaxşı ixtisaslara qəbul olmaq üçün önəmlidir. Amma hər kəs bilməlidir ki, insan öz biliyinə uyğun nəticə əldə edir və həmin nəticəyə uyğun da ali məktəbdə qəbul olunur. Heç kim başqasının yerini əlindən almır.

Burada daha vacib məsələ öyrənməyi davamlı hala gətirmək bacarığıdır. Şagird imtahan nəticəsini təhlil etməlidir. Görməlidir ki, hansı mövzuları bilir, hansı sahələrdə boşluqları var və onları necə doldura bilər. Bu artıq gələcək üçün təhsil trayektoriyasının qurulmasıdır. Peşə seçimi də yalnız prestijə görə edilməməlidir. Əsas məsələ odur ki, insan hansı sahədə özünü daha yaxşı inkişaf etdirə bilər. Biz bu istiqamətdə də xidmətlər göstəririk. Təəssüf ki, hələ müraciət edənlərin sayı çox deyil. Halbuki mən tövsiyə edərdim ki, 9-cu və 10-cu sinif şagirdləri gəlib psixometrik testlərdən keçsinlər və hansı sahədə daha uğurlu ola biləcəklərini müəyyən etsinlər. Bu, çox vacibdir.

Bəzi müəllimlər şagirdlərin nəticələrinin bir ay əvvəlcədən bilinməsini istəmir

– Özünü yoxlamaqdan danışdınız. Bəs sınaq imtahanlarında iştirak edənlər varmı?

– Bizim sınaq imtahanlarına cəmi 5 500 nəfər yazılıb, halbuki ali təhsil müəssisələrinə qəbul olmaq üçün 100 min ərizə verilib. Yəni cəmi 5 faiz öz real biliyini yoxlamaq istəyib. Nə üçün belə az olduğunu bilmirik. Ola bilər ki, bəzi müəllimlər şagirdlərin nəticələrinin bir ay əvvəlcədən bilinməsini istəmirlər, ona görə deyirlər ki, şagirdlər sınaq imtahanına getməsinlər. Amma reallıq budur ki, hər imtahandan sonra şagird öz nəticəsini ölkə üzrə standartlarla müqayisə etmək imkanına malikdir. Bundan əlavə, ikinci cəhd imtahanında da şagirdlərin seçim imkanı var. Məsələn, biri I qrupda zəif nəticə göstəribsə, ikinci cəhddə başqa qrupu seçə bilər. Kimya istiqamətinə, kənd təsərrüfatı ixtisaslarına və ya başqa sahələrə yönələ bilər. Amma əsas məsələ odur ki, insan həmin ixtisası həqiqətən istəsin. Sadəcə diplom almaq üçün dörd ili hansısa universitetdə keçirmək düzgün deyil. Çünki həmin dörd il insanın özünü inkişaf etdirməli olduğu ən vacib dövrdür. İnsan düşünməlidir ki, əmək bazarına çıxanda onun əlində hansı bilik və bacarıqlar olacaq və o, özünə necə iş tapacaq. Baldan daha vacibi 4-5 il sonra əmək bazarında nə olacaq, onu düşünüb müvafiq trayektoriya seçmək lazımdır ki, mən bunu necə əldə edə bilərəm, özümə sevdiyim işi tapıb müstəqil həyata başlaya bilim. Bu, çox vacibdir. Hələ ki valideynlər yalnız harasa qəbul olunmaq məsələsinə ciddi yanaşırlar. Bu hətta onlar üçün ölüm-dirim məsələsinə çevrilir ki, “uşağım qəbul olunmasa, mən biabır olaram”. Böyük təzyiq mühiti yaradırlar və bu uşaqlara çox pis təsir göstərir. Uşaq hiss etməlidir ki, valideyn onun tərəfindədir və ona dəstək olacaq.

– Bu il Naxçıvanda XI siniflərin buraxılış imtahanı 19 apreldə keçirilib, blok imtahanı isə 24 may tarixində keçiriləcək. Təxminən bir ay ərzində iki mühüm imtahanın təşkili abituriyentlər üçün əlavə gərginlik yaratmır?

– Bilirsiniz necədir, bir tərəfdən deyirlər ki, niyə buraxılış imtahanı mart ayında keçirilir, tezdir. Əgər apreldə keçirsəydik və qəbul imtahanı mayda olsaydı, onda da deyəcəkdilər ki, bir ayda iki imtahan çox ağırdır. Yəni hamını eyni anda razı salmaq mümkün deyil. Biz özümüzə belə məqsəd qoya bilmərik. Mayda imtahan vermək istəməyənlər yayda keçirilən imtahanda iştirak edə bilərlər.

Biz rəqəmsal modelə keçməyi hədəfləyirik

– Bəs əvvəllər qəbul imtahanı əsasən yay aylarında və bir dəfə keçirilirdi. Son 6–7 ildə isə buraxılış və blok imtahanı sistemi tətbiq olunur. Bu sistemin əvvəlki modellə müqayisədə nə üstünlüyü var? İctimaiyyət imtahanı təyin edilmiş bir gündə keçirib yekunlaşdırmağın daha məqsədəuyğun olduğunu düşünür. Bununla bağlı nə deyə bilərsiniz?

– Bir gündə bütün imtahanların keçirilməsi texniki imkanlarla bağlıdır. Məsələn, 50-60 min kitabçanın bir gündə çapı mümkündür. Amma 100 min kitabçanı bir gündə çap etmək üçün nəşriyyatın gücü iki dəfə artırılmalıdır. Digər tərəfdən, imtahan keçirməyə yararlı binaların sayı da məhduddur. 50-60 min nəfəri yerləşdirmək mümkündür, amma 100 min nəfəri imtahan etmək üçün uyğun olmayan məktəblərdən də istifadə etmək lazım gələcək. Bu da düzgün olmazdı. Bundan başqa, kifayət qədər imtahan rəhbəri və nəzarətçi də lazımdır. Onlar müqavilə əsasında işləyən şəxslərdir və bir gündə bu qədər insanı cəlb etmək asan deyil. Həmin gün şəhərdə taksi tapmaq belə çətinləşir. İmtahan materiallarının daşınması üçün çoxlu nəqliyyat vasitəsi tələb olunur. Üstəlik, hər imtahan binasının yanında təcili yardım, həmçinin yanğınsöndürən maşınlar olmalıdır ki, fövqəladə hal baş verərsə, dərhal müdaxilə etmək mümkün olsun. Biz maksimum bir gündə 62 min şəxsə imtahan keçirə bilərik. Bəli, müəyyən imtahanlar elektron olduqdan sonra bu proses daha da kütləvi ola bilər. Yəni həmin imtahan kağız daşıyıcıda yox, şagirdin öz məktəbində kompüterlər vasitəsilə keçirilsin. Bu zaman da bizə 100 min şagird üçün 100 min kompüter lazımdır. Amma bəzən bir məktəbdə məzun sayı 150, kompüter sayı isə daha az, məsələn, 100 ola bilər. Biz rəqəmsal modelə keçməyi hədəfləyirik deyə, yəqin ki, gələcəkdə bir gündə bu imtahanları keçirə biləcəyik. Bu proses 5-6 ildən sonra ola bilər. Amma hazırda bütün imtahanların eyni gündə keçirilməsi qeyri-mümkündür. Bizim belə imkanımız yoxdur.

 

SAT imtahanında çoxlu saxtakarlıq hallarına rast gəlinir

– Sizcə məktəbdəki xarici dil bilikləri ilə, həmçinin beynəlxalq imtahanlar verən, müəyyən sertifikatlara malik şəxslər birbaşa ingilis dilində oxumağa hazır olurlar?

– Tədrisi ingilis dilində olan məktəblərdə təbii ki, şagirdlərin ingilis dili səviyyəsi yaxşı olur. Amma bu o demək deyil ki, onlar riyaziyyatı da lazımi səviyyədə bilirlər və ya digər fənlər üzrə də kifayət qədər hazırlıqlıdırlar. Biz bunu əsasən riyaziyyat fənnində müşahidə edirik. Görürük ki, riyaziyyatdan orta ballar Azərbaycan və rus bölməsində birdirsə, tədris dili ingilis dili olan məktəblərdə bu bir az aşağı olur.

Bu il birinci dəfədir ki, tədris dili ingilis dili olan məktəblərin şagirdləri arasında bir nəfər maksimum — 200 bal toplayıb. Biz onların riyaziyyat və digər bir xarici dili bilmə səviyyəsini yoxlayırıq. İngilis dilini onlar onsuz da məktəbdə 11 il ərzində öyrənirlər, TOEFL, IELTS kimi beynəlxalq imtahanlarda sertifikat alırlar.

Burada onlar tədrisi ingilis dili olan ixtisaslarda oxumaq üçün blok imtahanı verməlidirlər. Mən başa düşürəm ki, bu zaman müəyyən çətinliklər yarana bilər. Amma eyni zamanda onların hüququ var ki, bu ingilisdilli məktəblərdən IB və ya A-Level sertifikatı alsınlar. Əgər həmin sertifikatları əldə ediblərsə, ingilis dilli ixtisaslara imtahansız da qəbul oluna bilərlər.

O ki qaldı beynəlxalq SAT imtahanına, mən açıq deyə bilərəm ki, orada çoxlu saxtakarlıq hallarına rast gəlinir. Təəssüflər olsun ki, belə hallar var və bununla bağlı biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciət etmişik. Biz bunu görürük. Çünki elə hallar müşahidə olunur ki, məsələn, SAT imtahanında – hansı ki ingilis dilindədir və orada riyaziyyatdan maksimum 800 bal toplamaq olar, oxu və yazı ilə birlikdə ümumi bal 1600-dür, ancaq 1500-dən yuxarı nəticə göstərən şəxs bizim buraxılış imtahanında təxminən 20-30 bal nəticə göstərir. Bu isə mümkün deyil. Çünki SAT-də olan riyaziyyat daha mürəkkəbdir və bu nəticə fərqi normal görünmür. Ona görə də biz SAT imtahanları ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ciddi narazılığımızı bildirmişdik. Azərbaycanda yalnız bir universitet SAT imtahanı nəticəsi ilə tələbə qəbul edir. Onlar da artıq bu ildən şərt qoyublar ki, SAT-dan müəyyən balla yanaşı, bizim buraxılış imtahanında riyaziyyatdan ən azı 40 bal toplamalıdırlar. Məncə bu daha yaxşı qərardır və doğrudan da SAT-ı özü verənlər layiq olduqları yerləri tutacaqlar. Çünki təəssüf ki, əvvəlki illərdə gördük ki, hardasa kimlərsə kimlərin yerinə imtahanda iştirak edib, ya da müxtəlif yollarla nəticə əldə ediblər.

– Özəl ali təhsil müəssisələrinə qəbulu necə qiymətləndirirsiniz? Özəl universitetlərdə qəbul balları dövlət universitetlərindən fərqlənir?

– Ümumiyyətlə, ali məktəblər arasında fərqlər təkcə özəl və dövlət universitetləri arasında deyil. Məsələn, birinci qrup üzrə qəbul olanların orta bal göstəricilərinə baxsaq, görərik ki, bəzi universitetlərdə bu 600 bal və daha yuxarıdır. Bəzilərində qəbul olanların orta balı 350-dən yuxarıdır, bəzilərində isə 300-dən aşağıdır. Bu təkcə özəl universitetlərə aid deyil, regionlarda yerləşən dövlət universitetləri də var. Amma elə özəl universitetlər var ki, onların nəticələri kifayət qədər yaxşıdır. Elə özəl universitet var ki, ora qəbul olanların orta balı 400-dən yuxarıdır. Digərlərində isə bu göstərici 350 və ya 300-dən aşağı olur. Bir neçə özəl universitet artıq tədris prosesinə çox ciddi yanaşır, yeniliklər tətbiq edir və biz bunun nəticələrini görürük. Onların öz kontingenti formalaşır. Məhz həmin universitetlərdə oxumaq istəyənlərin sayı artır və abituriyentlər onları seçim zamanı birinci yerdə göstərirlər.

– Subbakalavr kimi universitetlərə qəbul olunanlar barədə nə deyə bilərsiz?

– Subbakalavrlar da müxtəlif universitetlərə – Texniki Universitetə, Memarlıq və İnşaat Universitetinə, İqtisad Universitetinə, İdman Akademiyasına, Dəniz Akademiyasına, Naxçıvan Dövlət Universitetinə, Gəncədə Aqrar Universitetə, Gəncə Dövlət Universitetinə, Texnologiya Universitetinə, Sumqayıt Dövlət Universitetinə, Mingəçevir Dövlət Universitetinə, Lənkəran Dövlət Universitetinə qəbul olurlar. Məsələn, bəzi universitetlərdə bu göstərici 40 faizdən çoxdur. Sumqayıt Dövlət Universitetində və Mingəçevir Dövlət Universitetində 20 faizdən yuxarıdır, Lənkəranda 15 faizdən çoxdur. Kooperasiya Universitetində də subbakalavrların payı 20 faizə yaxındır.

Əmək və Sosial Münasibətlər Akademiyasında bu göstərici 40 faizdir, Bakı Biznes Universitetində isə 2025-ci ildə 30 faiz təşkil edib. Təbii ki, bəzi universitetlər var ki, məsələn, Bakı Dövlət Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, ADA, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Gömrük Akademiyası, Türkiyə – Azərbaycan Universitetində subbakalavrlar ya yoxdur, ya da çox azdır.

 

Bəzi ixtisasların ləğv olunması da mümkündür

– Nazirlər Kabineti tərəfindən bəzən plan yerləri artırılır və ya azaldılır, bəzi ixtisaslar ümumiyyətlə ləğv edilir, yeni ixtisaslar yaradılır. Bu yaxınlarda kolleclərdə fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul da dayandırıldı. Bunlarla bağlı nə deyə bilərsiniz?

– Bu, iqtisadiyyatın vəziyyəti, iş yerlərinin sayı, işsizlik səviyyəsi və əmək bazarında hansı ixtisaslara tələbatın olması nəzərə alınaraq müəyyən edilir. Sözügedən məsələ təkcə bir nazirliyin işi deyil. İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və ən əsas da Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Nazirlər Kabinetində plan yerləri müəyyən olunur, biz də Dövlət İmtahan Mərkəzi olaraq onu icra edirik. Yəni DİM təsdiq olunmuş plan yerlərinə tələbə qəbulunu aparır. Burada yeni ixtisasların yaranması da mümkündür. Yeni ixtisasların təklifini əsasən universitetlər özləri verirlər. Çünki bunun üçün maddi-texniki baza, müəllim heyəti, proqram, müasir dərsliklər və digər hazırlıq işləri olmalıdır. Hər il yeni ixtisaslar açılır. Əsasən əvvəl magistratura səviyyəsində başlayır, sonra bakalavr səviyyəsində tədris aparılmağa başlanılır. Bu proses davam edəcək və dəyişikliklər olacaq. Bəzi sahələrdə – məsələn, kənd təsərrüfatı və qida texnologiyası üzrə mütəxəssislərə ciddi tələbat var. Gənclər hələ də tam anlamırlar ki, 5–6 ildən sonra kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində həm tələbat, həm də əməkhaqqı yüksək olacaq. Ancaq bu sahələrə maraq hələ ki azdır. Bəzi ixtisasların ləğv olunması da mümkündür və normaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar