“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakıda yağş sularının yaratdığı fəsadlara münasibət bildirib.
Qurumun sözçüsü Anar Cəbrayıllı Lent.az-a açıqlamasında bildirib ki, bu gecə yağış yağacağından xəbərdar olublar və monitorinqlər aparılıb:
“Bu gecə aramsız yağışlar olacağı barədə Milli Hidrometeorologiya Xidmətindən bizə məlumat verilmişdi. Ona görə də gecə boyunca Sukanal İdarəsinin qəza briqadaları iş başında olub. Kollektorlarımız, su nasoslarımız, kanalizasiya xətlərimiz hamısı tam pik rejimdə işləyirdi. Gecə monitorinqlər aparıldı ki, hardasa tutulma falan olsa, dərhal müdaxilə edib aradan qaldıraq”.

Anar Cəbrayıllı
Anar Cəbrayıllı bildirib ki, yağış sularının yollarda qalması, nəqliyyatın hərəkətindəki çətinliklər kanalizasiya borularının, kollektorların ölçüsü ilə bağlıdır:
“Xüsusən, yarımadanın qərb hissəsinə, Binəqədi, Yasamal, Nərimanov və Nəsimi rayonlarına daha çox yağıntı düşüb. Bəzi yollarda suyun qalma səbəbi kanalizasiya xətlərinin ölçüsü ilə əlaqədardır. Belə ki, məsələn, Yasamal rayonunda 1000 mm-lik kanalizasiya borusunun 80 faizi gündəlik tullantılar, çirkab suları üçündür. Yağış suları üçün yalnız 20 faiz axın tutumu qalır. Əgər yağış intensive yağsa həmin boru gücü çatan 20 faiz suyu yoldan çəkə bilir. Yağış dayanmasa nəticədə borular tutumundan artıq su götürə bilmir və suların bir hissəsi yolda qalır. Amma yağış dayanan kimi həmin qalan su da borulara axır və yollardan çəkilir.
Hazırda həmin rayonlarda da yollardan su çəkilib və vəziyyət stabildir”.