Millət vəkili Qənirə Paşayeva Türkiyənin Nigde Universitetində Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış edib.
Lent.az-ın məlumatına görə, tədbirin təşkilatçısı Türk Genclik Klubunun rəhbəri Heydər Məhərrəmov, Nigde Universitetinin rektoru Adnan Görür, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Nigde valisi Necmettin Kılıç Xocalı soyqırımı ilə bağlı çıxış edərək gənc nəsillərin tarixi həqiqətləri daha geniş bilməsində və dünyaya yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.
Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Q.Paşayeva bildirib ki, Azərbaycan xalqı sadəcə ədalət istəyir: ”Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxartmırlar. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu stiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar”.
Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü də bildirib.
Tədbirin sonunda Q. Paşayevaya təşkilatçılar tərəfindən plaketlər təqdim olunub. Tədbir çərçivəsində Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilib, gənclər Xocalı ilə bağlı şeirlər səsləndirib, hazırladıqları tamaşanı nümayiş etdiriblər.